Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4886/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 14 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 243/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 8175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə tələb "xxxx" MMC tərəfindən icra edilməmişdir. Lakin "xxxx" MMC borcunu tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, həmçinin direktorunun izahatı alınmışdır. Lakin, borclu şirkətin rəhbəri xəstə olduğundan icra sənədinin icrasını tam təmin edə bilmədiyini bildirmişdir. Odur ki, borclu "xxxx" MMC-nin barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, hüquqi şəxs "xxxx" MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərindən xəbəri olmuşdur. Şirkətin borcunu ödəməkdən imtina etməmişdir, lakin səhhətində problemlər olduğundan borcunu bugünədək tam olaraq ödəyə bilməmişdir. Həmçinin icra sənədləri üzrə olan borcdan tərəfindən müvafiq ödənişlər edilmiş və qəbzlər icra məmuruna təqdim edilmişdir. Beləliklə o, "xxxx" MMC-nin məhkəmə qərarlarının icrasından yayınmadığını, borcunu hissə-hissə ödəyəcəyini bildirərək barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 3587 (üç min beş yüz səksən yeddi) manat pul məbləği, mənəvi ziyan üçün 1000 (bir min) manat pul vəsaiti, hüquqi xidmətə görə ödənilmiş 40 (qırx) manat və dövlət rüsumuna görə ödənilmiş 55 (əlli beş) manatın tutularaq iddiaçı X2 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 400 (dörd yüz) manatın tutularaq "xxxx" MMC-yə ödənilməsi, ekspertizanın keçirilməsi ilə bağlı 150 manat məbləğində xərcin "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış, icraata başlamaq haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" MMC-yə göndərilmişdir; Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 31 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2263,32 manat məbləğində pulun cavabdeh "Mikayıloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,63 manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “Fortis Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış, icraata başlamaq haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" MMC-yə göndərilmişdir; “mpay” və “birbank” tətbiqlərindən əldə edilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə 800 manat, xx.xx.2025-ci il tarixdə 200 manat və xx.xx.2025-ci il tarixdə 400 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsin xeyrinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" MMC məhkəmə qərarında göstərildiyi qaydada icranı tam olaraq təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 4682 manat məbləğində pul vəsaitinin iddiaçı X1, 400 (dörd yüz) manatın "xxxx" MMC-nin, ekspertizanın keçirilməsi ilə bağlı 150 manat məbləğində xərcin dövlət büdcəsinin xeyrinə, həmçinin Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 2305.95 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, sözügedən tələblər hazırki vaxtadək tam olaraq icra edilməmişdir. Bu hal isə hüquqi şəxsin məhkəmə qərarlarının icrasına biganə yanaşdığını və qərarları qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədləri üzrə olan tələb təmin edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi şəxs "xxxx" MMC-nin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4886/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4886/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver