Məhkəmə qərarları › İş №3(011)-4892/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4892/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4892/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Şikayət verən şəxs – X2 iştirakı ilə Bakı şəhər X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə 150 manat məbləğində cərimə olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 08:26 radələrində etibarnamə əsasında istifadəsində olan Toyota Prius minik markalı, **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonunun M.Mehdizadə və F.Bayramov küçəsi istiqamətində hərəkətdə olarkən, həmin gündən bir gün öncə Cavanşir körpüsünün sökülməsi səbəbindən həmin ərazidə müxtəlif yollarda hərəkətin istiqamətinin müvəqqəti dəyişdirildiyini müşahidə etmişdir. Belə ki, o həmin küçəyə yaxın yerdə yaşayır və hər gün eyni yollarla işə gedib gəlir. M.Mehdizadə küçəsi ilə kəsişməyə yaxınlaşanda bütün nəqliyyat vasitələrinin yolun həm sağ həm də sol (əks) tərəfi ilə M.Mehdizadə küçəsi istiqamətinə hərəkət etdiyini görmüş və qarşıda söküntülərlə əlaqədar tənzimlənmə olduğunu düşünmüşdür. Yolun sağına keçmək mümkün olmadığından digər hərəkət iştirakçıları kimi yolun sol tərəfi ilə hərəkətini davam etdirmişdir. Həmin tarixdən 20 gün sonra xx.xx.2024-cü il tarixdə telefonuna zəng gəlmiş, özünü təqdim etməyən Bakı Şəhər DYPİ-nin əməkdaşı onun yol hərəkəti qaydalarını pozduğunu və inzibati xəta törətdiyini bildirərək onu idarəyə dəvət etmişdir. O təqsiri olmadığını bildirərək idarəyə çağırılmağının qanunauyğun olmadığını əməkdaşa demiş və əgər belə bir hal olsa 20 gün keçmədən barəsində protokolun çoxdan tərtib olunacağını əlavə etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə müvafiq elektron kabinetdə protokol tərtib olunmasına dair bildiriş gəlmiş, 11 gün sonra isə qərar qəbul edilmişdir. Qərarın əsassız və qeyri qanuni olduğunu hesab edərək iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə şikayəti ilə bağlı məhkəmə iclası baş tutmuşdur. Hakim iş üzrə obyektiv və humanist qərar qəbul etmiş, şikayətin qismən təmin edilməsini və qərarın ləğv edilərək yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmasını qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmənin qərarını Bakı şəhər DYPİ-nin əməkdaşı polis mayoru X1 təqdim edərək məhkəmənin şikayətini haqlı hesab etdiyini bildirib, qərarın ləğvi barədə qərar qəbul etməsini xahiş etmişdir. Lakin cənab mayor ona sonadək qulaq asmadan, video görüntüyə təkrar baxmadan, əsassız şəkildə sistemə daxil olub qərarı ləğv etdikdən sonra dərhal yenidən barəsində protokol tərtib etmiş və 150 manat məbləğində cərimə təkrar qüvvəyə minmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. İş üzrə obyektiv araşdırma aparılmalı və barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İşin faktiki hallarından göründüyü kimi məhkəmənin ədalətli qərarına rəğmən polis mayoru X3 qərəzli şəkildə barəsində təkrar inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırki cərimə barəsində əsassız və prinsip xarakteri daşıdığı üçün ona maddi zərər vurmaqla bərabər mənəvi əziyyət verir. Onun əməlində inzibati xəta tərkibi yoxdur və o heç bir inzibati hadisə törətməmişdir. Qeyd etdiklərinə əsasən, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Bakı şəhər X7 İdarəsi səlahiyyətli nümayəndə vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 04 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X7 İdarəsinin 04 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X7 İdarəsinin 04 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar