Məhkəmə qərarları › İş №3(011)-4908/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4908/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4908/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/16296260 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/16296260 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında şikayəti müdafiə edərək göstərdi ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə ona İXM-nın 328.1-cı və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 300 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. Onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırıldığından 2023-cü ilin iyun ayında sürücülük vəsiqəsi AR DİN Baş Dövlət Yol Polis İdarəsinə təhvil vermişdir. "xxxx" MMC tərəfindən icarəyə verilən bəzi nəqliyyat vasitələri onun adınadır və həmin nəqliyyat vasitələri icarə müqaviləsinə əsasən icarəyə verilir. "xxxx" MMC-nin 683 №-li avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən KİA RİO minik markalı ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2 gün müddətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixdə qaytarılması şərtilə X7 icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixdə AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən protokol tərtib edilən zaman, KİA RİO minik markalı ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X11 tərəfindən idarə edilmişdir. Həmin icarə müqaviləsi AR DİN Baş Dövlət Yol Polis idarəsinin sistemində görsənmədiyindən X5 törətdiyi inzibati xəta onun adına tərtib olunmuşdur. O, bununla bağlı AR DİN Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmiş və onlar bildirdilər ki, etibarnamə edilən şəxs bizə müraciət etməlidir. Bundan sonra X11 AR DİN Baş Dövlət Yol Polis İdarəsinə ərizə ilə müraciət etdi və AR DİN Baş Dövlət Yol Polis İdarəsi ona cavab olaraq bildirdi ki, qərardan şikayət barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs tərəfindən verilə bilər. Hesab edir ki, tərtib edilmiş inzibati qərarın heç bir hüququ əsası olmadığından həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətçinin izahatını və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ/16296260 nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-cı və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə tətbiq edilmişdir; ƏN-İ seriyalı 825945 saylı etibarnamədən görünür ki, mülkiyyətçisi X4 olan KİA RİO minik markalı ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə etibar edilmişdir. "xxxx" MMC-nin 683 №-li avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, KİA RİO minik markalı ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə qaytarılması şərtilə X8 icarəyə verilmişdir. X6 ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə KİA RİO minik markalı ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun tərəfindən idarə edilmişdir, cərimənin onun adına qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. 332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilən vaxt KİA RİO minik markalı ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hansı şəxsin sahibliyində və ya istifadəsində olması araşdırılmamış, X3 barəsində cərimə tənbeh tədbiri tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin X12 tərəfindən idarə edilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallar müəyyən edildikdə qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/16296260 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/16296260 saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar