Məhkəmə qərarları › İş №3(011)-495/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-495/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-495/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X1 iştirakı ilə, Bakı şəhəri X12 İdarəsinin İnzibati tənbeh vermə haqqında 22 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X12 İdarəsinin İnzibati tənbeh vermə haqqında 22 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2022-ci il tarixdə, təqribən saat 22:07 radələrinə idarə etdiyi “CHEVROLET CRUZE” markalı ** CL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 8 noyabr prospekti ilə Zığ dairəsi istiqamətinə (Bravo superstorun qarşısında) hərəkətdə olarkən Bakı şəhəri Xətai rayonu, Qaçaq Nəbi küçəsi mənzil 2-də yaşayan X4 idarə etdiyi “Xəzər” markalı **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yüksək sürətdə düzgün ara məsafəsi saxlamadığı üçün onun idarə etdiyi avtomobilin sol arxa hissəsinə çırpılmış və bu an zərbənin gücündən idarə etdiyi avtomobilin sağ qabaq hissəsi öndə hərəkətdə olan “BMW” markalı **-GX-*** qeydiyyat nömrə nişanlı avtomobilin sol arxa hissəsinə dəymişdir. Hadisə yerinə Bakı şəhər Baş X12 İdarəsinin polis əməkdaşı tərəfindən həmin tarixdə rəsmi sübutlar olmadan barəsində xx.xx.2022-ci il tarixdə İXP ******* saylı protokol tərtib olunaraq TP 5336908, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar çıxarılmışdır. Hadisənin araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixdə “Xəzər” və “BMW” markalı avtomobillərin sürücüləri Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə dəvət olunaraq, izahatları alınmışdır. Hadisə yerinin protokolu imza üçün təqdim olunanda reallığa uyğun tərtib olunmadığı üçün imzalamaqdan imtina etmişdir. (protokolda avtomobillərin hərəkət istiqaməti düzgün təsvir olunmamışdır) və bildirmişdir ki, araşdırma düz aparılmamışdır. Belə ki, hadisəni görən şahidlər olub, qəza zamanı yerdə təkər izəri və 30-35 metr məsafədə kamera var idi. Şahidlərin də izahatlarının alınmasını, kamera çıxarışının materiala əlavə olunmasını xahiş etmişdir. Əlavə olaraq, bu məsələ ilə bağlı həmin gün DİN-nin “102” Xidmət-Zəng mərkəzinə də məlumat vermişdir. Lakin, heç bir nəticə olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, X5 onun oğludur və o, 12 oktyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zaman həmin yerdə olmamışdır. Lakin, baş vermiş yol nəqliyyat hadisəsindən sonra dəfələrlə oğlu ilə birgə polis şöbəsinə müraciət etməsinə baxmayaraq, hadisənin kamera görüntüləri və şahid ifadələrini almaq mümkün olmamışdır. Müvafiq qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri X12 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP5336908 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 12 oktyabr 2022-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmişdir. Digər tərəfdən, iş materiallarından görünür ki, İXP ******* nömrəli, 12 oktyabr 2022-ci il tarixli İnzibati xəta haqqında protokolla bağlı 22 oktyabr 2022-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 40 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsini qeydə alan müşahidə kameralarının görüntüləri iş materiallarına əlavə edilməklə, X2 şikayət ərizəsində göstərdiyi dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalıdır, həmin dəlillərin əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri X12 İdarəsi tərəfindən tərtib edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 22 oktyabr 2022-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X12 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 tərəfindən verilmiş şikayət təmin edilsin. İnzibati xəta haqqında İXP4958076 saylı protokola əsasən Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul olunmuş 22 oktyabr 2022-ci tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X12 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar