Məhkəmə qərarları › İş №3(011)-496/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-496/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-496/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X4 iştirakı ilə X4 Xətai RPİ 36-cı Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 36-cı Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mağaza etibarnamə ilə mağazanı işlədir. Karantin rejimi ilə əlaqədar mağaza Online olaraq fəaliyyət göstərir. Belə ki, satış məqsədilə mağazaya heçkimin daxil olmasına icazə verilmir. X8 həmin mağazaya satıcı kimi işə götürmüşdür və ona xəbərdarlıq etmişdir ki, mağazada yalnız online satış aparıla bilər. Karantin rejimi ilə əlaqədar olaraq satış üçün heç kimin içəri daxil olmasına icazə verilməmişdir. O, Nəzrini dəfələrlə xəbərdarlıq etmişdir ki, içəridə ondan başqa kiminsə olmağına icazə yoxdur. Qanunun tələbi də budur ki, satış məqsədi ilə içəri heç kimi qəbul etməsinlər. Protokol tərtib olunan günü mağazada Nəzrin və onun 2 dostu olub. Həmin 2 qız Nəzrini tanıyırlar, yəni satış yox, şəxsi münasibətdə olduğu insanlar olub. Həmçinin paltarları reklam etmək üçün həmin qızlar şəkil çəkmək üçün Nəzrinə kömək ediblər. Belə ki, Nəzrin paltarların şəklini çəkdikcə whatsapp proqramı vasitəsilə ona atır və məlumatlandırırdı. Bu zaman polis əməkdaşları içəri daxil olmuş və Nəzrini qanunsuz olaraq içəridə satışla məşğul olmaqda ittiham etmişlər. Sonra xanımı 36-cı Polis Bölməsinə aparmışlar. Bölmədə heç bir qanunsuz fəaliyyətlə məşğul olmadıqlarını dəfələrlə bildirsələr də onlara əhəmiyyət verməmişdirlər. Onları axşam saat 23:00-dək saxladıqdan sonra barəsində protokol tərtib olunmuşdur. Belə ki, əlavə olaraq qeyd etmişdir ki, yaxınlıqdakı mağazalarda mağazanın qarşısında paltar satışı ilə məşğul olsalar da, onların barəsində heç bir tədbir görülməmiş, lakin barəsində protokol tərtib olunmuşdur. Həmçinin içəridə satış etdiyi ilə bağlı polis heç bir sübut təqdim etməmişdir. 36-ci PB-nin sahə rəisi X15 tərəfindən qəbul edilmiş MN ******* №-li, xx.xx.2021 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəfələrlə müraciət etdikdən sonra xx.xx.2021-ci il tarixində qonşu mağazaya qoyulmuş və tərəfindən oradan götürülmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai RPİ 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə mağazada reklam üçün paltarların şəklini çəkirdi. Rəfiqəsi X11 da şəkil çəkmək üçün ona kömək etməyə gəlmişdir. Bu zaman polis əməkdaşları mağazaya girərək onun satış etdiyini hesab edərək bölməyə aparmışlar. Həmin vaxt mağazada heç bir satış həyata keçirməmiş, müdiri Əzizov Səbuhi də yalnız online satışa icazə olduğu və mağazaya kiminsə daxil olmasına icazə olmadığı barədə dəfələrlə xəbərdarlıq etmişdir. Maqazada ona kömək edən qız X11 hal hazırdada həmin mağazada onunla birgə satıcı işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Nəsrin Faiq qızının ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Xətai RPİ 36-cı Polis Bölməsinin sahə rəisi Vüqar Qayıbov tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 M.Hadi ev 68 ünvanının qarşısındakı mağazada karantin qaydalarını pozması faktı aşkar edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Xətai RPİ 36-cı Polis Bölməsinin rəisi Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdən satıcı kimi online satış etməyə icazəsi olmuşdur. İş materiallarına əlavə edilmiş elektron daşıyıcıda təqdim olunmuş səs yazısı məhkəmə iclasında tədqiq edilmiş və məlum olmuşdur ki, X10 rəfiqəsinin mağazaya daxil olub birlikdə paltarların şəklini çəkməsinə kömək etməsini bildirmiş, X6 isə mağazaya heç kimin daxil olmasına icazə verməməsini, yalnız online satış edə biləcəyi barədə xəbərdarlıq etmişdir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” 488 nömrəli xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsinə (və ya onlayn satış) icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xətai RPİ 36-cı Polis Bölməsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 etibarnamə ilə işlətdiyi mağazada xx.xx.2021-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən yoxlanılarkən, satış edilmədiyi halda əsassız cərimə olunmuşdur. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş,protokolda ne zman və məhz hansı əməlin törədildiyi göstərilməmişdir, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Xətai RPİ 36-cı Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Xətai RPİ 36-cı Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar