Məhkəmə qərarları › İş №3(011)-4973/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4973/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4973/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23638627 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23638627 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 xx.xx.1937-ci il təvəllüdlüdür. N yaşında N saylı hərbi hissədə döyüşən ordunun tərkibinə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyinin müdafiəsi uğrunda Qarabağ ərazisində aparılan ağır döyüşlərdə fədakarcasına iştirak etmiş, hal-hazırda 86 yaşı var. Prezident tərəfindən **- OK-*** Dövlət qeydiyyat nişanlı pejo markalı xidməti avtomobil verilmişdir. 1991-1993-cü illər ərzində Vətənimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü, severenliyi, müstəqilliyinin müdafiəsi uğrunda Qarabağ ərazisində aparılmış ağır döyüşlərdə fədakarcasına iştirak etmişdir. Məlum olan X12 rayonlarının müdafiəsi zamanı gedən ağır döyüşlərdə 1993-cü ilin aprel ayının 10-da qarşı tərəfin yəni düşmənin atdığı tank mərmisi nəticəsində ağır yaralanmış, bir gözünü tamamilə itirmiş və sağ əl barmaqlarını sağ budundan qəlpə yaraları almışdır. Hal-hazırda 1-ci Qrup Qarabağ əlilidir. Demək olarki, Sağlamlığının 90 faizini itirmişdir. Yuxarıda qeyd etdiyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ona təqdim edilən **-OK-*** Pejo markalı xidməti avtomobilini sağlamlığını itirdiyinə görə Azərbaycan Respublikasının Şəhid Ailələri Əlilləri və X2 İctimai Birliyinə hədiyyə vermiş, İctimai Birlik isə onun 1-ci Qrup Əlil kimi xidmətində durur. (Gedəcək yerinə avtomobillə təmin edir, sağlamlığı ilə bağlı müayinə və müalicələrini yüksək səviyyədə təşkil edir). Həmin avtomobili oğlu X10 Azərbaycan Respublikası Şəhid Ailələri Əlilləri və X2 İctimai Birliyin Sədri kimi idarə edir. Bundan əlavə X6 ehtiyacı olan insanların tədbirlərə və xəstəxanalara aparılmasına həmin avtomobillə dəstək olur. Bundan başqa 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 77 saylı əmrinə əsasən coğrafi mövqeyi nəzərə alaraq X13 müharibəsində iştirak edib. İctimai Birliyin Respublikası üzrə Sədri oğlu X3 Baş Komandanın şəxsi imzasıyla igidliyinə görə Laçın, Qubadlı, X8 iştirakçısı medallarıyla təltif edilib. Qeyd edir ki, Prezident tərəfindən ona verilmiş **-OK-*** pejo xidməti avtobil Dövlətə, Dövlətçiliyə suverenliyi, müstəqilliyi və onun ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış Şəhid Ailələrinə və Müharibə Veteranlarına xidmət göstərir eyni zamanda Dövlət tədbirlərində dövlət məmurlarının avtomobillərinin yanında yer alan sözü gedən yuxarıda qeyd etdiyi **-OK-*** pejo xidməti avtomobili yan yana dayansa da hətta güzəştli üzərində əlillik nişanı olan avtomobil sayılsada parklanmada yalnız qanunsuz cərimə edilən məhz bu avtomobil olub. Bu sözü gedən avtomobillə bağlı Dövlət strukturlarının və inzibati orqanların cərimədən kənarda qalan güzəştli avtomobillərin siyahısına salınması ilə bağlı dəfələrlə müraciət etmişlər. Buna baxmayaraq dayanacaq duracaq olmayan yerdə həftənin tək günləri cüt günləri o cümlədən hər gün və giriş qadağandır nişanlarında əlillər üçün hərəkət etmək avropa qanunlarına uyğun olaraq yol hərəkət qaydalarına uyğun həyata keçirilir (yəni əllilər üçün duracaq nişanı duracaqlarda Azərbaycan Respublikasında olmadığı üçün avropa kanversiya qanunlarına zidd olduğu üçün) yazılan cərimələr qanun pozuntusu hesab edilir. Bakı Şəhər Dövlət Yol Polisinin qəbul etdiyi qanunsuz və ədalətsiz qərarlar onun ünvanına çatdırılmamışdır, onun ərizəsi əsasında məcburi qaydada 17 sentyabr 2024-cü il tarixdə ərizə verməyinə baxmayaraq özünün iştirakı ilə məcburi qaydada alınmışdır. Hesab edir ki, bu cərimələr uzun illərdir yığılıb qalmış qanunsuz və ədalətsiz qərarlardır və şəxsi daşınan əmlaklarının üzərinə qoyulan qanunsuz cərimələr ədalətsiz və qanunsuz olduğu üçün silinməlidir. Odur ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23638627 nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 etibarnamə üzrə nümayəndəsi X10 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, atası Məmmədov Yaqub ümumiyyətlə avtomobil idarə etmir, avtomobili onun özü idarə edir. Şikayətin təmin olunmasını və atası barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23638627 nömrəli qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23638627 nömrəli qərarına əsasən, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23638627 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X9 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23638627 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar