Məhkəmə qərarları › İş №3(011)-4975/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4975/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4975/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 24 may 2024cü il tarixli EQ 21352428 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 24 may 2024-cü il tarixli EQ 21352428 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, X10 xx.xx.1937-ci il təvəllüdlüdür. N yaşında N saylı hərbi hissədə döyüşən ordunun tərkibinə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyinin müdafiəsi uğrunda Qarabağ ərazisində aparılan ağır döyüşlərdə fədakarcasına iştirak etmiş, hal-hazırda 86 yaşı var. Prezident tərəfindən **-OK-*** Dövlət qeydiyyat nişanlı pejo markalı xidməti avtomobil verilmişdir. 1991-1993-cü illər ərzində Vətənimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü, severenliyi, müstəqilliyinin müdafiəsi uğrunda Qarabağ ərazisində aparılmış ağır döyüşlərdə fədakarcasına iştirak etmişdir. Məlum olan X13 rayonlarının müdafiəsi zamanı gedən ağır döyüşlərdə 1993-cü ilin aprel ayının 10-da qarşı tərəfin yəni düşmənin atdığı tank mərmisi nəticəsində ağır yaralanmış, bir gözünü tamamilə itirmiş və sağ əl barmaqlarını sağ budundan qəlpə yaraları almışdır. Hal-hazırda 1-ci Qrup Qarabağ əlilidir. Demək olarki, Sağlamlığının 90 faizini itirmişdir. Yuxarıda qeyd etdiyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ona təqdim edilən **-OK-*** Pejo markalı xidməti avtomobilini sağlamlığını itirdiyinə görə Azərbaycan Respublikasının Şəhid Ailələri Əlilləri və X2 İctimai Birliyinə hədiyyə vermiş, İctimai Birlik isə onun 1-ci Qrup Əlil kimi xidmətində durur. (Gedəcək yerinə avtomobillə təmin edir, sağlamlığı ilə bağlı müayinə və müalicələrini yüksək səviyyədə təşkil edir). Həmin avtomobili oğlu X11 Azərbaycan Respublikası Şəhid Ailələri Əlilləri və X2 İctimai Birliyin Sədri kimi idarə edir. Bundan əlavə X6 ehtiyacı olan insanların tədbirlərə və xəstəxanalara aparılmasına həmin avtomobillə dəstək olur. Bundan başqa 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 77 saylı əmrinə əsasən coğrafi mövqeyi nəzərə alaraq X14 müharibəsində iştirak edib. İctimai Birliyin Respublikası üzrə Sədri oğlu X3 Baş Komandanın şəxsi imzasıyla igidliyinə görə Laçın, Qubadlı, X9 iştirakçısı medallarıyla təltif edilib. Qeyd edir ki, Prezident tərəfindən ona verilmiş **-OK-*** pejo xidməti avtobil Dövlətə, Dövlətçiliyə suverenliyi, müstəqilliyi və onun ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış Şəhid Ailələrinə və Müharibə Veteranlarına xidmət göstərir eyni zamanda Dövlət tədbirlərində dövlət məmurlarının avtomobillərinin yanında yer alan sözü gedən yuxarıda qeyd etdiyi **-OK-*** pejo xidməti avtomobili yan yana dayansa da hətta güzəştli üzərində əlillik nişanı olan avtomobil sayılsada parklanmada yalnız qanunsuz cərimə edilən məhz bu avtomobil olub. Bu sözü gedən avtomobillə bağlı Dövlət strukturlarının və inzibati orqanların cərimədən kənarda qalan güzəştli avtomobillərin siyahısına salınması ilə bağlı dəfələrlə müraciət etmişlər. Buna baxmayaraq dayanacaq duracaq olmayan yerdə həftənin tək günləri cüt günləri o cümlədən hər gün və giriş qadağandır nişanlarında əlillər üçün hərəkət etmək avropa qanunlarına uyğun olaraq yol hərəkət qaydalarına uyğun həyata keçirilir (yəni əllilər üçün duracaq nişanı duracaqlarda Azərbaycan Respublikasında olmadığı üçün avropa kanversiya qanunlarına zidd olduğu üçün) yazılan cərimələr qanun pozuntusu hesab edilir. Bakı Şəhər Dövlət Yol Polisinin qəbul etdiyi qanunsuz və ədalətsiz qərarlar onun ünvanına çatdırılmamışdır, onun ərizəsi əsasında məcburi qaydada 24 may 2024-cü il tarixdə ərizə verməyinə baxmayaraq özünün iştirakı ilə məcburi qaydada alınmışdır. Hesab edir ki, bu cərimələr uzun illərdir yığılıb qalmış qanunsuz və ədalətsiz qərarlardır və şəxsi daşınan əmlaklarının üzərinə qoyulan qanunsuz cərimələr ədalətsiz və qanunsuz olduğu üçün silinməlidir. Odur ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 24 may 2024-cü il tarixli, EQ 21352428 nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 etibarnamə üzrə nümayəndəsi X11 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin tarixdə avtomobili o idarə etmişdir cərimə isə atası X7 yazılıb. Şkayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 24 may 2024cü il tarixli, EQ 21352428 nömrəli qərarın surətindən görünür ki, X10 24 may 2024-cü il tarixdə, saat 07:28-də “pajero” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla mülki məsuliyyəti icbari sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 50 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X10 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 24 may 2024-cü il tarixli, EQ 21352428 qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 24 may 2024cü il tarixli, EQ 21352428 saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar