Məhkəmə qərarları › İş №3(011)-4998/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4998/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4998/2024 04.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, məhkəmə iclas katibi Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Qobustan raytonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair 03 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xətai rayonu, 8 Noyabr prospekti “Günəş” marketin yaxınlığında avtomobil təmiri sexində olarkən narkotik vasitələrin istifadəçisi olmaqda şübhəli bilindiyi üçün polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər, bölməyə dəvət edilmiş, bu zaman nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə əməl etməyərək bölməyə getməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək hadisəni əsəbi olduğundan törətdiyini bildirmiş, lakin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Şəxs xx.xx.2024-cü il tarixdə Xətai rayonu, 8 Noyabr prospekti “Günəş” marketin yaxınlığında avtomobil təmiri sexində olarkən narkotik vasitələrin istifadəçisi olmaqda şübhəli bilindiyi üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər, bölməyə dəvət edilmiş, bu zaman bölməyə getməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Bayram Xanlar oğlunun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, Şəxs dostudur. Avtomobil təmiri sexini çəkən videogörüntüdən ona məlum olmuşdur ki, polis əməkdaşları dostuna yaxınlaşmış, Əlvan isə polis əməkdaşları ilə birlikdə maşına əyləşmişdir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşları yaxınlaşır, Əlvan onlara əhəmiyyət verməyib gedir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı Şəxs xırda xuliqanlıq etməsi faktı öz təsdiqini tapmamışdır. Həmin xüsusatı təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş, həmçinin protokolda faktın nə ilə təsdiq edilməsinə istinad edilməmişdir. Göründüyü kimi Şəxs əməlində İXM-in 510-cu maddəsinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini, iş materiallarını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, İXM-in 510-cu maddəsi üzrə onun əməlində inzibati xəta tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları, onun ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş videogörüntü əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək - üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmişdir. Şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və sanksiya həddində tənbeh edilməlidir. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs şəxsiyyətini, xətanın xarakteri, onun təqsirinin dərəcəsi, məsuliyyəti yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. İnzibati həbs tənbeh tədbirinin əvvəli tutulduğu 03 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar