Məhkəmə qərarları › İş №3(011)-5/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xətai rayon 3 saylı Uşaq Evinin nümayəndəsi X4, Zərərçəkmiş şəxs iştirakları ilə, Xətai rayon 3 saylı Uşaq Evi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Xətai rayon 3 saylı Uşaq Evi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 185/2024 saylı, 04 iyul 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Xətai rayon 3 saylı Uşaq Evi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-185/2024 saylı, 04 iyul 2024-cü il tarixli icra sənədinin tələbi Xətai rayon 3 saylı Uşaq Evi tərəfindən təmin edilməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzürlü səbəb göstərmədən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Xətai rayon 3 saylı Uşaq Evi barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xətai rayon 3 saylı Uşaq Evinin nümayəndəsi X4 izahat verərək göstərdi ki, qeyd edilən sənədlər təqdim edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Xətai rayon 3 saylı Uşaq Evi barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, sənədlər ona təqdim edilməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-185/2024 saylı, 04 iyul 2024-cü il tarixli icra sənədindən görünür ki, ərizə qismən təmin edilmiş, Zərərçəkmiş şəxs dair 1994- 2018-ci ilə qədər ştat cədvəli, ştat cədvəlinə uyğun vəzifə, vəzifə maaşı, iş növbəsi haqqında cədvəllər, əmək növbəsində işləməyi barədə tabel cədvəlləri, əmək haqqının ərizəçiyə aid ödəniş cədvəlləri, əmək haqqına əlavələr edilməsinə dair ödəniş cədvəlləri barədə tabellər cavabdeh Xətai Rayon 3 saylı Uşaq Evi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməsi, 1994-2018-ci illərə dair adıçəkilən sənədlərdən hər hansı biri Xətai Rayon 3 saylı Uşaq Evinin arxivində olmadığı təqdirdə onların müvafiq qurumların arxivinə verilməsini təsdiq edən sənəd (təhvil-təslim aktı və s.) Xətai Rayon 3 saylı Uşaq Evi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 iyul 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu Xətai rayon 3 saylı Uşaq Evinə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 iyul 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu Xətai rayon 3 saylı Uşaq Evinə icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə araşdırması zamanı Xətai rayon 3 saylı Uşaq Evi tərəfindən sənədlərin təqdim edilməsi müəyyən edilmişdir. Bu hallar onun icra sənədinin icrasından qərəzli olaraq yayınmamasını təsdiq edir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Xətai rayon 3 saylı Uşaq Evi tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Xətai rayon 3 saylı Uşaq Evi tərəfindən icra sənədi üzrə sənədlərin təqdim edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Xətai rayon 3 saylı Uşaq Evi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar