Məhkəmə qərarları › İş №3(011)-500/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-500/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-500/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X5, X2 və onun vəkili X4 iştirakları ilə, X3 “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən qəbul edilmiş 10.12.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin baş direktoru X13 tərəfindən qəbul edilmiş 10.12.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və əməlində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin PHŞ-nin Baş direktoru X7 ******* nömrəli 10 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıdakı göstərilənlərə əsasən, həmin qərar qanuni əsası olmadığından ləğv edilməlidir. Belə ki, 26 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları X9 və AQTİ-nin əməkdaşı X10 «Qəsr» restoranının mətbəxinə daxil olmaqla həmin restoranda çalışan ofisiant nahar fasiləsi zamanı yemək yeyərkən, onun yemək yediyinə məhəl qoymayaraq, restoranda işçini maskasız işlətdiyinə görə onun barəsində inzibati xəta haqqında 26 noyabr 2021-ci il tarixdə ******* saylı protokol tərtib edilmiş və X6 Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin PHŞ-nin Baş direktoru X7 ******* nömrəli 10 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Əgər inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar olsaydı, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin PHŞ 15 gün sonra deyil, dərhal yerində protokol tərtib edərdi. Həmin gün “Qəsr” restoranında çalışan ofisiantın iş (nahar fasiləsi) zamanı yemək yeyərkən maskadan istifadə etməməsi nə gigiyena, nə də karantin qaydalarına ziddir. Bununla da, inzibati xəta hadisəsi və onun əməlində inzibati xəta tərkibi olmadığından icraat başlanıla bilməzdi, başlandığı halda araşdırma aparılaraq xitam verilməli idi. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin PHŞ inzibati xəta haqqında protokol əsasında xəta törədənin vəzifəli şəxsinə bildiriş göndərmədən qərar qəbul etmişdir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin PHS-nin Baş direktoru X7 ******* nömrəli 10 dekabr 2021-ci il tarixli qərarı ona rəsmi olaraq göndərilməmişdir. Hazırkı vəziyyətdə “Qəsr” restoranında çalışan ofisiantın iş (nahar fasiləsi) zamanı yemək yeyərkən maskadan istifadə etməməsi nə gigiyena, nə də karantin qaydalarına zidd olmadığından, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 600 (altı yüz) manat məbləğində cərimə edilməsi əsassızdır. Yalnız inzibati xəta haqqında protokolun tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, təqsirli hesab edilməsi üçün əsas ola bilməz. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin PHŞ-nin Baş direktoru X7 ******* nömrəli 10 dekabr 2021-ci il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, şikayətdə göstərilənlər qərarın ləğv olunması üçün əsasdır. Məhkəmə iclasında X6 və onun vəkili X8 hər biri ayrı-ayrılıqda şikayət ərizəsində göstərilən xüsusatları təsdiqləyərək “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin baş direktoru X13 tərəfindən qəbul edilmiş 10.12.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və sözügedən əməldə Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Həmçinin, vəzifəli şəxs X6 izahatında qeyd etmişdir ki, işçi nahar fasiləsində olduğu üçün tibbi maskadan istifadə etməmişdir. Məhkəmə iclasında “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, 26.11.2021-ci il tarixdə saat 20:00 radələrində Neapol küçəsi, ev 41D ünvanında yerləşən “Qəsr” restoranında aparılan monitorinq zamanı işçinin fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün istifadə etməməsi faktı aşkar olunduğundan “Qəsr” restoranının direktoru X3 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati tənbeh vermə haqqında qərarla ona 600 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin o, məhkəməyə sübut kimi inzibati xətanın törədilməsi vaxtı çəkilmiş fotoşəkilləri təqdim edərək, işçinin tibbi maskadan düzgün istifadə etməməsi faktını bir daha təsdiq etmişdir. Məhkəmə şikayətçinin, onun vəkilinin, səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sanitariya və epidemiologiya xidmətinin nümayəndəsi X9 tərəfindən tərtib edilmiş 26.11.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və aktdan görünür ki, 26.11.2021-ci il tarixdə saat 20:00 radələrində Neapol küçəsi, ev 41D ünvanında yerləşən “Qəsr” restoranında aparılan monitorinq zamanı işçinin fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün istifadə etməməsi faktı aşkar olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsinin baş direktoru X13 tərəfindən tərtib edilmiş 10.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Qəsr” restoranının işçilərinin tibbi maskadan istifadə qaydalarını pozmaları göstərilmiş və vəzifəli şəxs X3 barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir; məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, işçilər xidməti vəzifələrini yerinə yetirən zaman tibbi maskadan düzgün istifadə etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 211.2-ci maddəsinə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 211.3-cü maddəsinə əsasən bu məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 26.11.2021-ci il tarixdə saat 20:00 radələrində Neapol küçəsi, ev 41D ünvanında yerləşən “Qəsr” restoranında aparılan monitorinq zamanı işçinin fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün istifadə etməməsi faktı aşkar olunduğundan “Qəsr” restoranının direktoru X3 barəsində 600 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “Qəsr” restoranının direktoru X6 26.11.2021-ci il tarixdə karantin rejimi qaydalarının pozulmaması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 29 oktyabr 2021-ci il tarixli 324 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 01 yanvar saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarına əsasən, 1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 hallarda sosial metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda; Həmin qərarın: 2-ci bəndinə əsasən tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir; 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiklərini, karantin qaydalarının pozulmadığını, işçinin nahar fasiləsi zamanı yemək yeyərkən maskadan istifadə etmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Həmçinin məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi inzibati xəta hadisəsi törədilən zaman çəkilmiş fotoşəkilləri məhkəməyə təqdim edərək, “Qəsr” restoranında çalışan işçilərin xidməti vəzifələrini yerinə yetirən zaman tibbi maskadan istifadə etməmələri faktını bir daha təsdiq etmiş, inzibati xəta haqqında protokolun və onun əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunun tələblərinə riayət edilməklə tərtib edildiyindən, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş vəzifəli şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin baş direktoru X13 tərəfindən qəbul edilmiş 10.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar