Məhkəmə qərarları › İş №3(011)-5018/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5018/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5018/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Bakı şəhər Xətai Rayon Dövlət X7 inspektoru polis leytenantı X4 tərəfindən əsassız olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli İPX ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə Qərar qəbul etmişdir. ** DT *** dövlət nömrə nişanlı, “Hyundai İ30” markalı avtomaşın ona məxsusdur. xx.xx.2022-ci il tarixində saat 17:00 radələrində idarə etdiyi “Hyundai İ30” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Neapol dairəsi ilə hərəkətdə olarkən “Mercedes” markalı avtomobil onun yoluna çıxaraq qəza şəraiti yaratmış və nəticədə onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan və ya yaralanan olmasada idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. DYP əməkdaşları hadisə ilə bağlı avtomobillərə baxılmış və nəticədə əsassız olaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqda İPX ******* saylı protokol tərtib olunmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi “Mercedes” markalı avtomobilin günahı üzündən baş vermişdir. Bununla bağlı ərazidə kameralarda görüntülərdə var. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına maddi ziyan dəymişdir. Lakin bütün bunlara baxmayaraq, Bakı şəhər Xətai Rayon Dövlət X7 inspektoru polis leytenantı X4 əsassız olaraq xx.xx.2022-ci il tarixli İPX ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir və sonra isə xx.xx.2022-ci il tarixdə heç bir əsası olmayan inzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul etmişdir. O, həmin inzibati xəta haqqında iş üzrə qərardan razı deyiləm. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Xətai rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai rayon DYPŞ-nin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 60 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməsi üçün Bakı şəhəri Xətai rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarı İXM-nin 327.2-ci maddəsinə aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarı İXM-nin 327.2-ci maddəsinə aid hissədə ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon DYPŞ-yə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon DYPŞ-yə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar