Məhkəmə qərarları › İş №3(011)-5045/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5045/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5045/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, X1, Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı YPX əməkdaşları VAZ-21074 markalı avtomobilini saxlayaraq konstruktiv dəyişikliklər etdiyi üçün avtomobilini duracağa yerləşdirmişlər. Yol hərəkəti haqqında qanunda konstruktiv dəyişiklikləri qadağan edən heç bir maddə yoxdur. Əksinə Yol hərəkəti haqqında qanunun 30.5-ci maddəsi konstruktiv dəyişikliklərə icazə verir. Habelə polisin yazdığı protokolda belə qeyd olunub ki, “normativ tələblər pozulmaqla konstruktiv dəyişikliklər etmək”. Bundan görünür ki, qadağan deyil. YHQ 83.3-cü maddəsində deyilir ki, aşkar edilən nasazlıqlar yalnız xüsusi texniki vasitələrlə təyin edilə bilər. Məhkəmə iclasında izahat verən şikayətçi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi Nümayəndə X3 şikayəti əsassız olduğundan onun haqqında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 “Vaz 21074” minik markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11 iyun 2025-ci il tarixdə saat 13:16da Bakı şəhəri, Mikayıl Əliyev küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 “Vaz 21074” minik markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11 iyun 2025-ci il tarixdə saat 13:16-da Bakı şəhəri, Mikayıl Əliyev küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X2 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini, həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu, özünə məxsus “Vaz 21074” minik markalı **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində konstruktiv dəyişikliklər etdiyini, lakin həmin dəyişikliklərin normativ tələblərin pozulması hesab edilmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntü məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, bu zaman vizual baxış zamanı da asanlıqla şikayətçinin avtomobildə konstruktiv dəyişikliklər etdiyini (yayların kəsilməsi nəticəsində avtomobil yerə doğru alçalmışdır) müəyyən etmək mümkün olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar