Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5056/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, X1 iştirakı ilə, X4 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4783/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin TP seriyalı, ******* nömrəli, 23 iyun 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2025-ci il tarixində şikayətin ləğv olunması və təkrar baxış üçün BŞDYP-nə göndərmişdir. Lakin BŞDYP bu qərarı yenidən ləğv etmiş və eyni qaydada həmin protokolu tərtib etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı şəhər X9 İdarəsinin polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, özünə məxsus “Volkswagen Polo minik” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində 225/45 R17 ölçülü təkərdən istifadə etmiş və xarici saytlardan ona məlum olmuşdur ki, belə şinlərin istifadəsi qadağan edilməmişdir. Odur ki, inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyindən həmin protokola əsasən qəbul edilmiş qərar əsassız olmuşdur. Məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin o, verilmiş suallara cavab olaraq bildirmişdir ki, sürücü tərəfindən avtomobildə qanunla istismarına icazə verilməyən şinlərdən istifadə olunmuş və qeyd olunan hal YPX əməkdaşı tərəfindən aşkar edilərək X.İsmayılovun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X9 İdarəsinin polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixində, saat 16:15-də Bakı şəhəri, Xətai rayonu, Babək prospektində “Volkswagen Polo minik” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. “Azerbaijan Automobiles CJSC” tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Ban nömrəsi XW8ZZZ61ZDG055807 olan, “Volkswagen Polo minik” avtomobildə istehsalçı tərəfindən 175/70 R14, 185/60 R15, 195/55 R15 təkər ölçülərinin istismarı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixində, saat 16:15-də Bakı şəhəri, Xətai rayonu, Babək prospektində “Volkswagen Polo minik” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini, həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu, özünə məxsus “Volkswagen Polo minik” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində 225/45 R17 ölçülü təkərdən istifadə etdiyini və xarici saytlardan məlum olduğu kimi belə şinlərin istifadəsinin qadağan edilmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X4 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, X5 tərəfindən “Volkswagen Polo minik” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində 225/45 R17 ölçülü təkərin istifadəsinin mümkün olub-olmamasını müəyyən etmək məqsədilə “Volkswagen” avtomobillərinin Azərbaycanda rəsmi dileri “Azerbaijan Automobiles” LTD-yə sorğu məktubu göndərilmiş və sorğuya cavab məktubunda Ban nömrəsi XW8ZZZ61ZDG055807 olan, “Volkswagen Polo minik” avtomobildə istehsalçı tərəfindən 175/70 R14, 185/60 R15, 195/55 R15 təkər ölçülərinin istismarının nəzərdə tutulması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5056/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5056/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver