Məhkəmə qərarları › İş №3(011)-5059/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5059/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5059/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu X2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2(011)-7729/2021 saylı icra sənədi üzrə 793,5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 823,5 manat məbləğində borcunun əmək haqqından tutulmasıyla bağlı məlumat verilməmiş və tutulmalar tələbkara köçürülməmişdir. Bununla da borclu X2 işlədiyi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən MN ******* nömrəli, 02 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X10 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2(011)-7729/2021 saylı icra sənədinə əsasən, tələbkar "xxxx" MMC-yə ödənilməli olan 823,5 manat məbləğində pulun işlədiyi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borclunun əmək haqqından 50%-i məbləğində tutulması barədə işlədiyi hüquqi şəxsə məktubla müraciət edilsə də, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Lakin bugünkü gün həmin borc borclu X4 tərəfindən ödənilmişdir. Odur ki, bu halı nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 məhkəməyə verdiyi izahatında hazırda həmin borc məbləği borclu X4 tərəfindən ödənildiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2(011)- 7729/2021 saylı icra sənədindən görünür ki, cavabdeh X1 xx.xx.2020-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 690 manat ödənilməmiş hissə, 103,5 manat cərimə borcu olmaqla, cəmi 793,5 (yeddi yüz doxsan beş manat əlli qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "İrşad Electronics” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişindən görünür ki, tutulmanın borclu X2 əmək haqqının 50%-i məbləğində hesablanaraq tələbkarın bank hesabına köçürülməsi və bu barədə Xətai rayon İcra Şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu X2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2(011)-7729/2021 saylı icra sənədi üzrə 793,5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 823,5 manat məbləğində borcunun əmək haqqından tutulmasıyla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən, məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar