Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-506/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X2 iştirakları ilə Şəxs ASC (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 noyabr 2022-ci il tarixli, 6-1.26-2- 2022-16671 saylı məktubundan görünür ki, Şəxs ASC 7 (yeddi) gün ərzində 2021-ci ilə dair emitentin illik hesabatını Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmasına dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 27 dekabr 2022ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Açıq Səhmdar Cəmiyyət tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-26-2-2022-16671 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati Xəta hüquqi şəxsin ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Nəticədə, Şəxs ASC barəsində İXM-in 548.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsinə görə - müvafiq icrahakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət yaranır. Qeyd edilən maddədən görünür ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilmiş icrası məcburi olan göstərişlərin yerinə yetrilməməsinə görə inzibati məsuliyyət yaranır Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, ilk növbədə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, emitentlərin illik hesablarının tələb olunması və təqdim edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanunun 75.1-ci maddəsinə əsasən, emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. Həmin Qanunun 75.2.-ci maddəsinə görə emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Həmin Qanunun 75.4.-cü maddəsinə görə qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər maliyyə ilinin ilk altı ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq yarımillik hesabatını ictimaiyyətə açıqlamalıdır. Yarımillik hesabat emitentin idarəetmə orqanı tərəfindən təsdiq olunmalı və maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir. Maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada göstəriş vermədikdə hesabatlar ictimaiyyətə açıqlanır. Emitent yarımillik hesabatının beş il müddətində ictimaiyyət üçün açıq olmasını təmin etməlidir. Həmin Qanunun 75.5.-ci maddəsinə görə illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanı həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir. Həmin Qanunun 75.11.-ci maddəsinə görə qanunun 75-ci maddəsi aşağıda göstərilən emitentlərə şamil edilmir:
1. dövlətə və bələdiyyələrə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara və Azərbaycan Respublikasının Mərkəzi Bankına;
2. kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış borc qiymətli kağızlarının nominal dəyərinin həcmi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş dəyərdən az olan emitentlərə. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi X3 izahat verərək göstərdi ki, cəmiyyətlə bağlı İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib edilmiş protokolla razı deyil. Çünki Şəxs öz fəaliyyətini xx.xx.2016-ci il tarixdən etibarən dayandırıb və həmin vaxtdan bu günədək fəaliyyət göstərmir. Bunu vergi orqanı tərəfindən verilmiş arayışlar təsdiq edir. Şirkətin hər hansı fəaliyyəti olmadığından onun fəaliyyətinə dair hesabatın verilməsi qeyri-mümkündür. O, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Beynəlxalq Bankının Suraxanı filialının 25 fevral 2016-cı il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs ASC-nin (VÖEN: **********) ******************** saylı bank hesabı xx.xx.2015-ci il tarixdə bağlanılmaqla qalıq məbləğ 0 manat təşkil etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin elektron arayışının surətindən görünür ki, Şəxs ASC-nin fəaliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2021-cı il tarixinədək dayandırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin elektron arayışının surətindən görünür ki, Şəxs ASC-nin fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək dayandırılmışdır. Məhkəmə qeyd edir ki, hüquqi şəxs kimi fəaliyyətini dayandırmış qurumdan illik hesabatın təqdim edilməsinin tələb edilməsi qanuni sayıla bilməz. İnzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs ASC-nin hesabatın tələb edildiyi tarixlər azrə hüquqi şəxs kimi fəaliyyətinin dayandırıb-dayandırmaması araşdırılmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 548.1-ci maddəsinin tərkibinin olması öz təsdiqini tapmamışdır. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim Aynur Abdullayeva