Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-507/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə 27 dekabr 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-16682 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASCnin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin direktoru X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ilə 27 dekabr 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, Bakı Avtomobil Sənaye» ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-16682 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli 6-1.26-2-2022-16682 nömrəli məktubdan görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 83.0.9-cu maddəsinə əsasən 2021-ci ilə dair emitentin illik hesabatının 07 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etmələri xahiş olunmuş, əks təqdirdə barələrində Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar olunmuşlar. Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışından görünür ki, Azərbaycan Respublikası Bakı Avtomobil Sənaye ASC-də 99,2347% paya sahibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 123.3-cü maddəsinə əsasən həmin Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir; 548.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" ASC tərəfindən 2021-ci ilə dair emitentin illik hesabatının verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.2ci maddəsinə əsasən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Həmin Qanunun 75.11-ci maddəsinə əsasən bu Qanunun 75-ci maddəsi dövlətə və bələdiyyələrə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara və Azərbaycan Respublikasının Mərkəzi Bankına, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış borc qiymətli kağızlarının nominal dəyərinin həcmi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş dəyərdən az olan emitentlərə şamil edilmir. Həmçinin, İXM-nin sadalanan normalarına əsasən 548.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın subyekti müəyyən edilərkən, dövlət qurumuna münasibətdə, dövlət qurumu hüquqi şəxslərdən fərqləndirilmişdir. Yəni dövlət qurumu ilə hüquqi şəxs eyniləşdirilməmişdir. Hüquqi şəxs ayrı qeyd edilmiş, dövlət qurumu ayrı qeyd edilmişdir. Yəni, hüquqi şəxs tərəfindən həmin inzibati xəta törədildikdə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir, dövlət qurumu tərəfindən həmin inzibati xəta törədildikdə dövlət qurumunun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və sözügedən dövlət təşkilatının vəzifəli şəxsi əvəzinə, həmin dövlət təşkilatının barəsində 27 dekabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə inzibati xətanın subyekti kimi "xxxx" ASC-nin göstərilməsini, həmin təşkilatın dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı olmasını nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xətanın subyekti düzgün müəyyənləşdirilmədiyindən və bununla da inzibati xəta tərkibi olmadığından "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-507/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-507/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver