Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5087/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X7, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMCdə satış üzrə mütəxəssis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İlqar Zülfüqarov 40 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 22 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-497/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək uşaqları ilə görüş müəyyən edilmişdir. Görüş xx.xx.2025-ci il tarixdə baş tutmuş, lakin ana 4 saat görüş sonunda uşaqları qaytarmamışdır. Beləliklə, Şəxs üzərinə düşən öhdəliyi heç bir üzürlü səbəb göstərmədən icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X13 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-497/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək uşaqları ilə görüşməsinə icazə verilmiş, lakin ana uşaqlarla görüşdükdən sonra onları qaytarmamışdır. Şəxs onun zənglərinə cavab vermədiyindən tərəfindən barəsində axtarış elan edilmişdir. Bununla da borclu Şəxs barəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, borclu Şəxs icra sənədini icra etmədiyini və onun qanuni tələblərini yerinə yetirmədiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Bakı 9 saylı Mediasiya X1 ilə bağladıqları barışıq sazişinə əsasən onlar nikahın pozulması, birgə nikahdan olan övladlarının onun yanında saxlanılmaları və Nurlan Məmmədovun övladlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment ödəməsi barədə razılığa gəlmişlər. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1654/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X3 “nikahın pozulması və uşaqların atanın himayəsinə verilməsi” barədə iddia tələbi üzrə mülki işin icraatına “uşaqların atanın himayəsinə verilməsi” hissəsində xitam verilmişdir. Lakin daha sonra Nurlan Məmmədov uşaqları ondan alaraq özündə saxlamış və uşaqları ondan gizlədərək görüşməyə icazə verməmişdir. Onun uşaqları ilə görüşməsinə icazə vermədiyindən o, məcbur məhkəməyə müraciət edərək uşaqları ilə görüş vaxtının təyin edilməsini xahiş etmişdir. Hal-hazırda Nurlan Məmmədov barışıq sazişinin ləğv edilməsi, onlar isə barışıq sazişinin təsdiq edilməsi barədə iddia ərizələri ilə müraciət etmişlər. Həmin işlərə məhkəmənin icraatında baxılır və uşaqların kimin himayəsində qalmasına dair yekun qərar qəbul edilməmişdir. O, uşaqların ataları ilə görüşməsinə heç bir maneə yaratmamışdır, habelə oğlunun gözündə zəiflik olduğundan onun telefonla oynamasına icazə verməmiş və oğlu onun telefonundan atasına səs atsa da, sonuncu geri dönüş etməmişdir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. O bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin 16(011)-497/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində ona münasibətdə heç bir öhdəlik müəyyən edilməmişdir. O uşaqların anasıdır və məhkəmə qərarı çıxarılanadək hər iki valideynin uşaqları özündə saxlamaq kimi bir hüquqları var. Məhkəmə iclasında vəkil X11 hüquqlarını müdafiə etdiyi Şəxs ilə razılaşdığını bildirərək barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-497/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək uşaqları ilə görüş müəyyən edilmişdir. Görüş xx.xx.2025-ci il tarixdə baş tutmuş, lakin ana daha sonra uşaqları qaytarmamışdır. İlk öncə onlar aralarında mediatorun iştirakı ilə barışıq sazişi bağlanmış və o, övladlarının ananın yanında qalmasına etiraz etməmişdir. İlk vaxtlarda aralarında narahatçılıq olmamışdır, lakin daha sonra o, övladlarını görməyə gedəndə qarşı tərəfin övladlarına o, gələndə ayağa durmamalarını və yanına getməmələrini deməsinin şahidi olmuşdur. Bu səbəbdən o, məhkəməyə müraciət edərək barışıq sazişininn ləğv edilməsini xahiş etmişdir. Hal-hazırda mülki qaydada baxılan iş üzrə Himayəçilik və Qəyyumluq Komissiyasının rəyinin alınması üçün iş dayandırılmışdır. Onun övladlarının hüquqları var və onların fikirləri öyrənilməlidir. Uşaqlar onunla yaşamaq istəyirlər. Anaları evə gec gəldiyindən uşaqlarla 1-2 saat maraqlana bilir. Sonuncu dəfə o, övladlarını analarına təhvil vermiş, lakin Şəxs qərardadın şərtlərini pozaraq uşaqları qaytarmamışdır. Artıq 28 gün olar ki, o, övladları ilə danışa bilmir. Odur ki o, göstərilənlərə əsasən icra sənədi üzrə olan tələbin icra edilərək övladlarının ona verilmələrini və Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-497/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs övladları – xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 ilə hər həftənin şənbə günü saat 14:00dan 18:00-dək ünsiyyətdə olması müəyyən edilmiş və X4 ünsiyyətə maneə yaradılması qadağan edilmişdir. Şəxs və X8 arasında Bakı 9 saylı Mediasiya Təşkilatı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01346 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıda qeyd olunan şərtlər əsasında razılaşmışlar: 1.1. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü iİ tarixli nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi qısa müddətdə müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. 1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci tərəfin (Şəxs) himayəsində saxlanılır. 1.3. Tərəflər razılaşdılar ki, ikinci tərəf uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün barışıq sazişi imzalandığı tarixdən 2 il 2 ay müddətinə (2026-cı ilin sonunadək) hər ay cəmi 500 (beş yüz) manat məbləğində alimenti hər ayın 10-dək Birinci tərəfə ödəyir. 1.4. Tərəflər razılaşdılar ki, nikaha xitam verildikdən sonra tərəflərin bir-birilərinə qarşı heç bir daşınar və daşınmaz əmlaka dair tələbləri yoxdur.
2. Tərəflər razılaşdılar ki, uşaqların səyahəti, istirahəti, təhsili, sağlamlığı və s. səbəblərə görə digər valideyninin müşayiəti ilə və ya müstəqil şəkildə Azərbaycan Respublikası hüdudlarından kənara çıxmalarına hər iki tərəf notariat qaydada razılıq verirlər.
3. İkinci tərəf övladları ilə onların gündəlik rejimlərini pozmamaq şərti ilə həftənin şənbə və bazar günləri neytral yerdə görüşə və ünsiyyət yarada bilər, xeyir-şər işlərində, bayram və tətil günlərində gecə qalmaq şərtilə İkinci tərəf yanında qala bilərlər və Birinci tərəf bununla bağlı heç bir maneçilik yaratmır.
4. Tərəflər razılaşdılar ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 27 saylı evdə olan Birinci tərəfə məxsus cehiz əşyalarını götürməyi və xx.xx.2024-cü il tarixinədək evi boşaltmağı öhdəsinə götürür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1654/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X3 “nikahın pozulması və uşaqların atanın himayəsinə verilməsi” barədə iddia tələbi üzrə mülki işin icraatına “uşaqların atanın himayəsinə verilməsi” hissəsində xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun vəkilinin və zərərçəkmişin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-497/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs övladları – xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 ilə hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək ünsiyyətdə olması müəyyən edilmiş və X4 ünsiyyətə maneə yaradılması qadağan edilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs övladları X9 və X10 təhvil aldıqdan sonra uşaqları geri qaytarmamışdır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs və X8 arasında Bakı 9 saylı Mediasiya Təşkilatı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01346 nömrəli barışıq sazişinə əsasən tərəflər birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək ananın himayəsində saxlanılmaları barədə razılamışlar. Daha sonra X8 məhkəməyə müraciət edərək barışıq sazişinin ləğv edilməsini xahiş etsə də, hal-hazırda tərəflər arasında olan mübahisə mülki icraat qaydasında baxıldığından və iş üzrə yekun məhkəmə aktı qəbul edilməklə uşaqların hansı valideynin himayəsində saxlanılmaları məsələsi həll edilmədiyindən, həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)- 497/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı və ya hər hansı bir başqa məhkəmə qərarı ilə hazırkı mərhələdə Şəxs üzərinə uşaqlarına münasibətdə hər hansı bir öhdəlik qoyulmadığından onun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi əsassız olmuşdur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Axundov