Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-51/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1, X3 nümayəndəsi X4 iştirakı ilə, X6 X5 Bakı Regional Bölməsinin 01 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolunun və onun əsasında xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov 94 ünvanında yerləşən “Gürcü” təndirxanasını işlədir, həmin təndirxanada çörək, qutab, qrilin istehsalı və satışı ilə məşğul olur. 2 nəfər işçisi var. xx.xx.2022-ci il tarixdə təxminən axşam saat 17:00 radələrində müəssisəyə AR X3 Bakı Regional Bölməsinin işçiləri - Kənan Əlizadə və Aysel Məmmədova yaxınlaşaraq özlərini təqdim etmiş, plandankənar yoxlama aparılmasının zəruliliyini izah etmişlər və eyni zamanda da ona xx.xx.2022-ci il tarixli yoxlamanın aparılması haqqında qərar təqdim edilmişdir. Onlara yoxlama aparılması üçün tam olaraq şərait yaratmışlar. Yoxlama zamanı əməkdaşlar özlərində qeydlər aparsalar da, ciddi nöqsanlar aşkar edilməmişdir. Yalnız çanaqların azlıq təşkil etdiyini və un saxlanması üçün anbar sahəsi ilə təmin olunmağı tövsiyə etmişlər. Yoxlama zamanı ona sənəd təqdim edilərək imzaladılmış, həmin sənədin mahiyyətinin nə olmasının izah edilməsini xahiş etsə də, sənədi imzalamağını xahiş etmişlər və sonra izah edəcəklərini bildirmişlər, sonradan bilmişdir ki, savadsızlığından istifadə edilərək həmin günü ona protokol imzaladılıbmış. Eyni zamanda yoxlama zamanı yoxlama prosesi agentliyin əməkdaşlarının özlərində olan cihazla bütövlükdə videolentə alınmışdır. Bundan sonra yoxlamanın müddəti dayandırılmış, dayandırılması barədə ona bildiriş göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə isə yoxlama zamanı ona imzaladılmış olan sənəd protokol, eyni zamanda müəssisənin və işçilərin fəaliyyətinin məhdudlaşdırması haqqında qərar müəssisəyə çatdırılmışdır. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə yoxlama bərpa edilmiş, Agentliyin əməkdaşları müəssisəyə gəlmədən elə həmin tarixdə də hüquqlarını kobud şəkildə pozan yoxlama aktı tərtib etmişlər. xx.xx.2022-ci il tarixdə onu idarəyə dəvət edərək elə həmin tarixdə də qərar qəbul edilmiş, buna baxmayaraq qərarın tarixi dəyişdirilərək xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. Buna görə də qərar və yoxlama aktını qəbul etməkdən imtina etmiş və həmin sənədlər xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə ünvanına çatdırılmışdır. Qeyd etdiyi səbəblərdən AR-sı X5 Bakı Regional Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolu və onun əsasında xx.xx.2022-ci il tarixli İnzibati Tənbeh vermə haqqında MN №-li ******* saylı qərarı ilə razılaşmır. Belə ki, protokoldan və eyni zamanda onun əsasında verilmiş qərardan da göründüyü kimi İXM-nin 220.2, 444.1 və 447.0.3-cü maddəsi ilə təqsirli bilinmiş və 1500 manat cərimə edilməyi qərara alınmışdır. Əməlində 220.2-ci maddəsinin tərkibi yaranmış olsa da, İXM-nin digər maddələrində nəzərdə tutulmuş əməllərin tərkibi olmamışdır. Belə ki, 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Soyuducuda toyuq, pendir eyni rəfdə qoyulsa da, bir birindən məsafəli şəkildə yerləşdirilmiş, temperatur rejiminə də riayət olunmuşdur. İXM-nin 447.0.3cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Belə ki, qril, qutab və çörəyin istehsalı zamanı hər hansı standartlar pozulmamış, ümumiyyətlə qeyd etdiyi standartlar yoxlanılmamışdır. Buna baxmayaraq qeyd edilən maddə ilə təqsirli bilinərək cərimə edilmişdir. Qeyd etdiyi hal yoxlama zamanı qeydə alınmış videolentdə də açıq aydın görünür. Nə çörəyin çəkisi, nə də digər standarta aid olan tələblər yoxlanılmamışdır. Lakin bunun üçün protokolda və qərarda təqsiri sübut olunmalıdır. Məhkəmə iclasında X9 şikayətində göstərilənlərə uyğun izahat verərək X5 Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolunun və onun əsasında xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmiş və zəruri sənədləri təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi X7 01 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli KY221870745 nömrəli çıxarışdan görünür ki, X5 tərəfindən Bakı şəhəri Xətai rayonu Səməd bəy Mehmandarov 94 ünvanında yerləşən “Gürcü” təndir adlı təsərrüfat obyektində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə plandankənar (növbədənkənar) cari fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan X5 Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayonu Səməd bəy Mehmandarov 94 ünvanında yerləşən obyektində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Qida obyektinə baxışın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X8 məxsus Bakı şəhəri Xətai rayonu Səməd bəy Mehmandarov 94 ünvanında yerləşən obyektdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə aparılmış yoxlama zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: 1. Müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçməmişdir. 2. Müəssisəyə qəbul edilən və qutabın hazırlanmasında istifadə edilən qarının, qrilin hazırlanmasında istifadə olunan toyuq ətinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənəd yoxlamaya təqdim edilməmişdir. 3. Müəssisədə işləyən 2 nəfər işçinin tibbi müayinədən keçməsi təmin edilməmişdir. Müəssisədə dezinfeksiya, dezinseksiya və dezatizasiya işləri aparılmır. Xammal anbarı təşkil edilməmişdir. Pəncərələr torla təchiz edilməyib. Duz və un birbaşa istehsal sahəsində saxlanılır. Soyuducuda mal qonşuluğu qaydalarına riayət edilmir. Qarın, ət, toyuq pendir və qatıqla bir yerdə saxlanılır. Çörəyin hazırlanması sahəsində quraşdırılmış yuma çanağında həm işçilər əllərini yuyur, həm də alətlər yuyulur. Qutabın hazırlanmasında istifadə olunan qarın və göyərtilər antisanitar vəziyyətdə döşəmədə təmizlənir. Sanitar qovşaqdan çəkilən şlanq vasitəsilə yuyulur. İşçilərin soyunub-geyinmə sahəsi təşkil edilməmişdir. İş materiallarında olan X5 Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, müəssisədə dezinfeksiya, dezinseksiya və dezatizasiya işlərinin aparılmaması, soyuducuda ət və süd məhsullarının bir yerdə saxlanılması, qarının və toyuq ətinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmaması və İXM-nin 220.2, 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X3 qərarından görünür ki, X8 məxsus “Gürcü” təndiri adlı obyektdə xx.xx.2022-ci il tarixdən yoxlama kəyata keçirilmiş, məhsulunu tədqiqi (sınağı) barədə qərar qəbul edildiyindən yoxlama xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərardan görünür ki, X9 İXM-nin 220.2, 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə X8 məxsus “Gürcü” təndiri adlı obyektdə keçirilmiş yoxlama zamanı çəkilmiş videogörüntü və fotoşəkillər ilə aşkar edilmiş pozuntular öz təsdiqini tapmışdır.Video görüntüdə X9 tələb olunan sənədlərin mövcud olmadığın etiraf edir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarında olan sənədləri, videogörüntüləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər tərəfindən istehsal edilmiş yeyinti məhsulları satışa çıxarıla bilər. X3 Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” Qaydaların 2 nömrəli əlavəsinin 1.10-cu bəndinə əsasən işçi heyət dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunubgeyinmə otaqları ilə təmin edilməlidir. Həmin Qaydaların 2-ci bəndinə əsasən qida obyektlərinin quruluşu və yerləşmə vəziyyəti qabaqcıl gigiyena təcrübəsinin tətbiqini və istehsal prosesinin ardıcıllığını təmin etməklə yanaşı, əməliyyatlar zamanı çarpaz çirklənmənin baş verməsinin qarşısını almalıdır, o cümlədən 2.0.1. Döşəmə və divar səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. Həmçinin döşəmənin və divarın səthlərində su keçirməyən, özünə su çəkməyən (qeyri-hopdurucu), yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan, qida məhsullarının hazırlanması, emalı həyata keçirilən qida obyektlərində tətbiqinə icazə verilən (müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunmalıdır) qeyri-toksik inşaat materiallarından istifadə edilməlidir. Döşəmə səthləri drenajın aparılmasına imkan verməlidir. Divarlar isə həyata keçirilən əməliyyat növünə uyğun olaraq, münasib hündürlükdə hamar səthə malik olmalıdırlar (yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı və müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunan inşaat materialları ilə üzlənməlidir); 2.0.2. Tavan (yaxud, tavanın olmadığı yerlərdə damın daxili səthi) və tavanda olan qurğular tozun və çirkin toplanması və kondensatın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerlərinə düşməsinin qarşısını alan formada qurulmalıdır; 2.0.3. Pəncərə və digər açılan hissələr çirkin toplanmasının qarşısını alacaq formada qurulmalıdır. Xaricə açılan pəncərələr həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmalıdır. Açıq pəncərələrin çirklənməyə səbəb olacağı hallarda pəncərələr qida məhsulları sahəsində fəaliyyət zamanı bağlı saxlanmalıdır; 2.0.4. Qapılar təmizlənmə və dezinfeksiya işlərinə yararlı olan hamar səthə və quruluşa malik olmalıdır; 2.0.5. Qida məhsullarının emalı sahələrində səthlər (avadanlıqların səthləri də daxil olmaqla), xüsusilə də qida ilə təmasda olan səthlər təmirli vəziyyətdə olmalı, asan təmizlənməni və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə olmalıdır. Səthlərin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilməlidir; 2.0.6. İstifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün korroziyaya davamlı materiallardan qurulmuş, asanlıqla təmizlənən və axar isti və soyuq su ilə təchiz olunmuş yuma sahələri təşkil edilməlidir; 2.0.7. Qida obyekti qida məhsullarının ayrıca yuyulması üçün müvafiq avadanlıqla təmin edilməlidir. Qida məhsullarının yuyulması üçün istifadə edilən yuma çanağı və ya oxşar avadanlıqlar müvafiq qaydada axar isti və soyuq içməli su ilə təmin edilməli, təmiz saxlanmalı və dezinfeksiya edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qida obyektində bütün xammal və inqrediyentlər xarab olma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmalıdır. Həmin Qaydaların 8.8-ci bəndinə əsasən qida subyektlərinə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işləri aparılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 133.2.8-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır X1 şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Onun məhkəməyə təqdim etdiyi 229393 və 242419 saylı baytarlıq arayışlarından görünür ki, həmin arayışlar yoxlamanın keçirildiyi tarixdən sonra, xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri, videogörüntü və fotoşəkilləri araşdırıb hesab edir ki, X9 İXM-nin 220.2, 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. O, əsaslı və qanuni olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə 1500 manat məbləğində cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 Bakı Regional Bölməsinin 01 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X6 şikayəti təmin edilməsin. X5 Bakı Regional Bölməsinin 01 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-51/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-51/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver