Məhkəmə qərarları › İş №3(011)-510/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-510/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-510/2022 28.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 12 yanvar 2022-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10560.00 (on min beş yüz altmış) İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 28 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 10560.00 (on min beş yüz altmış) İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxs tərəfindən 28 noyabr 2019-cu il tarixində köçürmə ərizəsinə əsasən Bankda olan hesabından 10560.00 (on min beş yüz altmış) İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsait Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüşdür. Həmin məbləğ qarşılığında müvafiq xidmətlər göstərilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir, həmçinin bu hal xidmətlərin göstərilməsinə dair icarə müqavilə ilə də öz təsdiqini tapmışdır. Odur ki o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin baş mühasibi X1 izahatında bildirmişdir ki, Şəxs MMC İngiltərənin Hiretech Limited şirkəti ilə 23.08.2019-cu il tarixində CEAZ-19-06 nömrəli avadanlıq icarəsi haqqında müqavilə imzalamışdır. Avadanlıqlar üzrə günlük icarə haqqı mallar İngiltərədən çıxdığı gündən başlanmışdır. Tərəflərindən həmin avadanlıqlar üzrə müştəriyə 28.11.2019-cu il tarixində 10560.00 GBP icarə ödənişi edilmişdir. İş materiallarına əlavə olunmuş 1-ci hesab fakturaya əsasən Zone İİ X3 Pump günlük 160.00 GBP olmaqla 3 gün və Zone İİ X8 Centrifugal Pump günlük 160.00 GBP olmaqla 3 gün, toplamda 960 GBP təşkil etmişdir. 2-ci hesab fakturaya əsasən Zone İİ X3 Pump günlük 160.00 GBP olmaqla 30 gün və Zone İİ X8 Centrifugal Pump günlük 160.00 GBP olmaqla 30 gün, toplamda 9600 GBP təşkil etmişdir. Odur ki, 28 noyabr 2019-cu il tarixində köçürmə ərizəsinə əsasən Bankda olan hesabdan Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 10560.00 (on min beş yüz altmış) İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsait hesabına müvafiq xidmətlər göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin 24 noyabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 yanvar 2022-ci il tarixli EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 10560.00 (on min beş yüz altmış) İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 28 noyabr 2019cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 10560.00 (on min beş yüz altmış) İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; iş materiallarında olan Şəxs MMC ilə “Hiretech Limited” şirkəti arasında bağlanmış 23 avqust 2019-cu il tarixli CEK-19-06 nömrəli avadanlıq icarəsi müqaviləsindən görünür ki, icarəyə götürən (Caley Energy MMC) müqaviləyə əlavələrdə göstərilən avadanlıqların müvəqqəti istifadəsi üçün haqq ödəməli və icarə müddətinin sonunda avadanlıqları geri qaytarmalıdır; iş materiallarında olan 31 avqust 2019-cu il tarixli və 30 sentyabr 2019-cu il tarixli sənədlərdən görünür ki, Şəxs MMC icarəyə götürdüyü Zone İİ X3 Pump üçün günlük 160.00 GBP olmaqla 3 gün və Zone İİ X8 Centrifugal Pump üçün günlük 160.00 GBP olmaqla 3 gün, toplamda 960 GBP, bundan başqa Zone İİ X3 Pump üçün günlük 160.00 GBP olmaqla 30 gün və Zone İİ X8 Centrifugal Pump üçün günlük 160.00 GBP olmaqla 30 gün, toplamda 9600 GBP ödəniş etməlidir (cəmi 10560 GBP) 25 noyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 10560.00 (on min beş yüz altmış) İngilis funt sterlinqi məbləğində xarici valyutada olan pul vəsaiti 28 noyabr 2019-cu il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; iş materiallarında olan Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış mühasibat xidmətləri və vergi məsləhətlərinin göstərilməsi haqqında 03 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən sonuncu öz üzərinə mühasibat xidmətlərinin göstərilməsinə dair öhdəliyi götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X5 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş 23 avqust 2019-cu il tarixli CEK-19-06 nömrəli avadanlıq icarəsi müqaviləsindən məlum olur ki, Şəxs MMC ilə “Hiretech Limited” şirkəti arasında bağlanmış müqaviləyə əsasən icarəyə götürən müvafiq ödəniş müqabilində müqaviləyə əlavələrdə göstərilən avadanlıqlardan istifadə etmək öhdəliyini üzərinə götürmüşdür. Məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara ödəniş edilməklə köçürülmüş 10560.00 (on min beş yüz altmış) İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsait icarə müqaviləsinə əsasən 29 avqust 2019-cu il tarixdən 30 sentyabr 2019-cu il tarixə qədər istifadə etdiyi avadanlıqlar üçün olmuşdur. Belə ki, Şəxs MMC tərəfindən icarəyə götürülmüş Zone İİ X3 Pump üçün günlük 160.00 GBP olmaqla 3 gün və Zone İİ X8 Centrifugal Pump üçün günlük 160.00 GBP olmaqla 3 gün, (29.08.2019-31.08.2019) toplamda 960 GBP, bundan başqa Zone İİ X3 Pump üçün günlük 160.00 GBP olmaqla 30 gün və Zone İİ X8 Centrifugal Pump üçün günlük 160.00 GBP olmaqla 30 gün, (01.09.2019-30.09.2019) toplamda 9600 GBP ödəniş olunmuş (cəmi 10560GBP) və həmin avadanlıqlar icarə müddətinin sonunda “Hiretech Limited” şirkətinə geri qaytarılmışlar. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC tərəfindən 10560.00 (on min beş yüz altmış) İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 28 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək məqsədi ilə ödəniş etməklə köçürdüyündən, müvafiq xidmətlərin göstərilməsi barədə icarə müqaviləsinin və iş üzrə əhəmiyyətli olan digər sənədlərin təqdim edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar