Məhkəmə qərarları › İş №3(011)-5104/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5104/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5104/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, istifadəsində olan **-EM-*** dövlət nömrə nişanlı, “Honda” markalı avtomobili ilə Xətai rayonunda yerləşən köhnə maşın bazarı deyilən yerin arxasındakı küçə ilə (köhnə Əhmədliyə çatmamış) hərəkət edərkən, üzbəüz onlara doğru gələn DYP avtomobili onları saxladaraq nə üçün əks istiqamətdə hərəkət etdiklərini soruşmuşdur. O, ona demişdir ki, bu yol iki tərəflədir. Bütün danışıqlarına baxmayaraq, heç bir görüntü təqdim etmədən ona cərimə protokolu vermişdir. Amma qərar verməkdən imtina etmişdir. Sonra o, Bakı şəhər DYP-nə gedərək qərar tələb etsə də ona verməkdən imtina etmişlər. Belə olan halda o, xx.xx.2023-cü il tarixdə köhnə tanışları vasitəsi ilə barəsində verilmiş qərarın surətini əldə edəndən sonra məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, bildirməlidir ki, protokolda göstərilən ünvan düzgün deyil. X11 qanunsuz cərimə etdiyi üçün qanunsuz yola əl atmışdır. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, ümumiyyətlə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmır, belə ki, nəqliyyat vasitəsini idarə etdiyi yol ikitərəfli olmuşdur, həmin vaxt atası da yanında olmuşdur və o, əks istiqamətli yola cıxmamışdır, lakin buna baxmayaraq polis əməkdaşı onu əks istiqamətli yola çıxmasını əsasə gətirərək barəsində əsassız olaraq protokol tərtib etmiş, daha sonra isə cərimə olunmuşdur. Barəsində qərar qəbul edilərkən, onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, hadisə zamanı qeydə alınmış videogörüntü ona təqdim olunmamışdır. Odur ki o, şikayət ərizəsinin təmin olunmasını, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X5 izahatında bildirmişdir ki, İbrahim Qüdrətli onun oğludur və xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini oğlu idarə etmişdir. Onlar hərəkətdə olan zaman polis əməkdaşları onları saxlayaraq niyə əks istiqamətli yola çıxmağını soruşmuşlar. Həmin yol ikitərəfli olmuşdur və oğlu əks istiqamətli yola çıxmamışdır. Bunu polis əməkdaşlarına izah etməklərinə baxmayaraq oğlunun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və şahidin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X16 İdarəsinin polis kapitanı X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixində, saat 21:00-da Babək prospekti 56 ünvanında “X15 minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda İ.Qüdrətlinin 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X16 İdarəsinin polis kapitanı X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2023-cü il tarixində, saat 21:00-da Babək prospekti 56 ünvanında “X15 minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, o, ümumiyyətlə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmır, belə ki, nəqliyyat vasitəsini idarə etdiyi yol ikitərəfli olmuşdur, həmin vaxt atası da yanında olmuşdur və o, əks istiqamətli yola cıxmamışdır, lakin buna baxmayaraq polis əməkdaşı onu əks istiqamətli yola çıxmasını əsasə gətirərək barəsində əsassız olaraq protokol tərtib etmiş, daha sonra isə cərimə olunmuşdur. Barəsində qərar qəbul edilərkən, onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, hadisə zamanı qeydə alınmış videogörüntü ona təqdim olunmamışdır. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında oğlunun göstərdiyi xüsusatları təsdiqləyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini oğlu idarə etmişdir. Onlar hərəkətdə olan zaman polis əməkdaşları onları saxlayaraq niyə əks istiqamətli yola çıxmağını soruşmuşlar. Həmin yol ikitərəfli olmuşdur və oğlu əks istiqamətli yola çıxmamışdır. Bunu polis əməkdaşlarına izah etməklərinə baxmayaraq oğlunun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X3 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar