Məhkəmə qərarları › İş №3(011)-5128/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5128/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5128/2023 29.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 482.1 və 502-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 482.1 və 502-ci maddələri ilə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 03 noyabr 2023-cü il tarixli 00100-02830/23 saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına LEX**********063 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal olunan və xx.xx.2023-cü il tarixli, **********6915 sorğu nömrəli gömrük bəyannaməsinin 7-ci mal mövqeyində kəmərlər (bel kəməri) yükü 500 ədəd bəyan olunsa da, faktiki olaraq 25 ədəd kəmər olduğu və ümumiyyətlə gömrük orqanına bəyan edilməyən 493 ədəd əsgər çantası (səhra çantası) olduğu aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-yə və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Şəxs MMC və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********6915 saylı gömrük bəyannaməsindən görünür ki, "Clarus” MMC-nin ünvanına daxil olmuş 500 ədəd əsgər kəməri bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aktından görünür ki, idxalatçı tərəfindən Gömrük Bəyannaməsinin 7-ci qrafasında sözügedən mallar 3 ver 500 ədəd kəmər bəyan olunsa da, faktiki olaraq 25 ədəd kəmər, 493 ədəd əsgər üçün çanta olduğu müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi X1 İdarəsinin 3-33-5300/2- 004900/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Şəxs MMC-nin ünvanına LEX2Q**********3 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 34-cü mal mövqeyi üzrə idxal olunmuş yük əsgər kəməri (bel kəməri) və əsgər çantası (səhra çantası) olub Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 230 saylı “İxrac nəzarəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə" Qərarın təsir dairəsinə aid olmadığı bildirilmişdir. Lakin "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirlərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli 514 nömrəli Fərmanının ümumi müddəalarının 1-ci, 5-ci və 29-cu bəndlərinə əsasən əsgər kəməri (bel kəməri) və əsgər çantası (səhra çantası) hərbi geyim forması hesab olunduğundan “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ nömrəli Qanununun 15-ci bəndinə aid edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7157 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 1 ədəd əsgər kəmərinin (bel kəməri) orta bazar qiyməti 35 manat olmaqla 475 ədədinin qiyməti 16625 manat, 1 ədəd əsgər çantasının (səhra çantası) orta bazar qiyməti 12 manat olmaqla 493 ədədinin qiyməti 5916 manat, ümumi 22541.00 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 502-ci maddələrinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən Bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 502-ci maddəsinə əsasən barəsində qanunvericiliklə müəyyən edilən ticarət siyasəti tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və ya nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Şəxs MMC-nin barəsində məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 502-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 502-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan mallar, 25 ədəd əsgər kəməri (875 manat) və 493 ədəd əsgər çantasının (5916 manat) dəyərinin, yəni cəmi 6791 manatın müəyyən faizi məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Odur ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 482.1 və 502-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İnzibati Xətalar Məcəlləsinin 502-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin, 6791 manatın 30 faizi məbləğində, yəni 2037.30 (iki min otuz yeddi manat otuz qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar