Məhkəmə qərarları › İş №3(011)-5133/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5133/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5133/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri X7 İdarəsinin YNHÜŞ inspektoru Elvin Əsədov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 dekabr 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə BMW 328İ markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu G.Şıxlinski küçəsində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkətdə olan zaman X1 etibarnamə əsasında idarə etdiyi Prius markalı **-TX-*** dövlət qeydiyyat nişanlı və X3 etibarnamə əsasında idarə etdiyi Hyundai Sonata markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq maddi zərər vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 16 dekabr 2023-cü il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi “BMW 328 İ” minik markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu General Şıxlinski küçəsi ilə hərəkətdə olan zaman “Hyundai sonata” markalı və “Toyota Prius” markalı avtomobillə toqquşmuş və onlara maddi zərər vurmuşdur. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 17 dekabr 2023-cü il tarixli 2/20813 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi etirafı, yol-nəqliyyat hadisəsinin sxemi və digər iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib həmin maddənin sanksiyası həddində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar