Məhkəmə qərarları › İş №3(011)-5186/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5186/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5186/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində, saat 10:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində olarkən, DİN-in polis sahə rəisi Şıxəliyev Ruslan Bazarxan oğlu tərəfindən saxlanılmışdır. Saxlanılmağına səbəb Xətai rayonu ərazisində açıq havada siqaret çəkməyi olmuşdur. Polis inspektoru açıq havada siqaret çəkməyinin qanunun pozuntusu olduğu bildirmişdir. Lakin, o polis inspektoruna bununla bağlı etirazını bildirsə də, həmin inspektor təkidlə bunun qanun pozuntusu olduğunu bildirərək, ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. O da özlüyündə polis inspektrorunun tələblərinə tabe olaraq, ona şəxsiyyətini təsdiq edən sənədi vermişdir. Yekunda onun barəsində həmin inspektor tərəfindən İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, EXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuş və protokol əsasında inzibati tənbeh vermə haqqında EPQ seriyalı, ******* nömrəli qərar verilmişdir. Həmin qərar aidiyyəti orqandan xx.xx.2024-cü il tarixində onun tərəfindən əlbəəl götürülmüşdür. Bu səbəbdən də, şikayət verilmə imkanı növbəti gün yaranmışdır. Odur ki, barəsində çıxarılmış İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli protokol əsasında çıxarılmış EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam olunması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Həmçinin şikayətçi X2 15 oktyabr 2024-cü il tarixdə elektron formada ərizə göndərərək bildirmişdir ki, xaricdə təhsil almağı ilə bağlı ölkə xaricində olduğunu nəzərə alaraq ərizəsi əsasında icraatda olan 3(011)-5186/2024-cü il tarixli inzibati işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin sahə rəisi Şıxəliyev Ruslan Bazarxan oğlu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 212.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 212.1-ci maddəsinə əsasən bu Məcəllənin 299 (hava nəqliyyatında), 305 (dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə), 306.4 (stansiyaların vestibül, keçid, platformaları və vaqonlarda), 318 (dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə) və 322.0.4-cü (avtobus, ümumi istifadədə olan nəqliyyat vasitələrində və taksidə) maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə - otuz manat məbləğində cərimə edilir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli, № 887-VQ saylı Qanununun 10-cu madəsinə əsasən tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır: 10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində; 10.1.2. tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində; 10.1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində; 10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində; 10.1.5. ticarət obyektlərində; 10.1.6. məişət obyektlərində; 10.1.7. sosial xidmət müəssisələrində; 10.1.8. yerləşdirmə vasitələrində; 10.1.9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində; 10.1.10. uşaq meydançalarında; 10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində; 10.1.12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində; 10.1.13. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda; 10.1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində; 10.1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində; 10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində; 10.1.17. taksafonlarda; 10.1.18. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində; 10.1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində. 10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı qərara əsasən X1 “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkməsi göstərilmiş və barəsində 30 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını və şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Polis İdarəsinin 37-ci PB-nin xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar