Məhkəmə qərarları › İş №3(011)-52/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-52/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-52/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X2 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ildən bəri ağ ciyər vərəmindən əziyyət çəkir. 2020-ci ildə isə xəstəliyi daha da ağırlaşdığından mütəmadi müalicə almağa başlamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona “ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, hər iki ağ ciyərin fibrez-kavernoz vərəmi intoksikasiya mərhələsi, sirrozu, İİ dərəcəli tənəffüs çatmazlığı diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi, vərəm xəstəsi olduğuna görə müalicə ilə əlaqədar müxtəlif tibb müəssisələrində müayinə və müalicə aldığından, eləcə də xəstəliyi yoluxucu olmasa da digər şəxslərə keçə bilmə ehtimalı olduğundan ictimai nəqliyyatdan avtobusdan istifadə etməmiş, öz nəqliyyat vasitəsindən istifadə etmişdir. Həmçinin, taksi nəqliyyat vasitəsindən istifadə etməyə də maddi imkanı olmamışdır və bu səbəbdən də öz nəqliyyat vasitəsindən istifadə etmişdir. Lakin buna baxmayaraq barəsində yenə də inzibati tenbeh tədbiri tətbiq edilmişdir. Həmin müddətdə xəstə olduğu va əmək qabiliyyətini itirdiyi üçün maddi vəziyyəti ağırlaşmış və üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığorta etdirə bilməmişdir. Bu səbəbdən də barəsində AR İXM-in 469.3-cü maddəsi ilə ("İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) xx.xx.2021 ci il tarixdə EQ ******* nömrəli protokol tort b edilmiş və həmin protokol əsasında inzibatı məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edərək Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 “Opel Astra H Minik” markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 50 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X4 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamışdır. Qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar