Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-53/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən “Berlin Pub” restoranının qarşısında dostu X6 ilə birlikdə X1 və X2 ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaltmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən 12.01.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində Xətai rayonu ərazisində yerləşən «Berlin Pub» restoranına dostu Kamilnən birlikdə getmişlər. Restoranda onlara ayrılmış masada əyləşmişlər və şam edərək içki qəbul etmişlər. Bir müddət sonra qonşu masada təxminən 7 nəfər qızlar əyləşmiş və onlarda şam edərək içki qəbul etməyə başlamışlar. Həmin masada oturan qızlardan biri Alxanın xoşuna gəldiyindən ona bir dəstə qül göndərmiş, lakin ünsiyyətə girməmişdir. Daha sonra saat təxminən 23.30 radələrində restoran bağlandığından müştərilər küçəyə çıxmışlar. O həmin vaxt ayaq yoluna keçmiş, Kamil isə küçəyə çıxmışdır. Sonra o küçəyə çıxarkən görmüşdür ki, Kamil nəsə özünü söyür. O, Kamildən nə baş verməsini soruşmuş Kamil isə bildirmişdir ki, səhv edib qızlara gül göndərib, gərək yaxşılıq etməzdir. Bu vaxt qızlardan biri ucadan danışaraq Kamili təhqir edərək Kamilin üstünə gəlmişdir. O, isə mübahisə düşməməsi üçün Kamili oradan aralaşdırmışdır. Həmin vaxt yaxınlıqda dayanan polis əməkdaşları onlara yaxınlaşıb Kamili polis bölməsinə aparmışlar. Beləliklə o, inzibati xəta törətmədiyini, barəsində əsassız olaraq protokol tərtib olunduğunu bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlu Şəxs barəsində tərtib olunmuş 12.01.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlu tərəfindən tərtib olunmuş 12.01.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Xətai RPİ-nin TŞ-nin qərarı əsasında İXM-nin 510-cu maddəsinin tələbləri pozulmuşdur; cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərarda Şəxs 09 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən “Berlin Pub” restoranının qarşısında dostu X6 ilə birlikdə X1 və X2 ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaltması göstərilmişdir; inzibati qaydada tutma haqqında 12.01.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 12 yanvar 2022-ci il tarixdə saat 20:50-də tutulmuşdur; zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat təxminən 20.30 radələrində rəfiqələri ilə birlikdə Xətai rayonu ərazisində yerləşən «Berlin Pub» restoranına gəlmişlər. Restoranda onlara ayrılmış masada əyləşmişlər və şam edərək içki qəbul etmişlər. Bir müddət sonra qonşu masada əyləşmiş tanımadıqları oğlan ona bir dəstə gül göndərmişdir. O, həmin şəxsə yaxınlıq verməmişdir. Daha sonra saat təxminən 24 radələrində o, rəfiqələri ilə birlikdə restorandan çıxmış və qabaqda gedərək avtomobilə əyləşmək istəmişdir, lakin sürücünün olmadığını görərək əyləşməmişdir. Bu vaxt eşitmişdir ki, Lamiə kiminləsə mübahisə edir, ona görə də Lamiyənin yanına yaxınlaşmış və görmüşdür ki, ona gül göndərən oğlanla mübahisə edir. Sonradan bilmişdir ki, həmin oğlan onun ünvanına söyüş söydüyü üçün Lamiə həmin şəxslə mübahisə etmişdir. Sonra polis əməkdaşları həmin şəxsi götürərək polis bölməsinə aparmışlar. Polis bölməsində bilmişdir ki, onları təhqir edən şəxsin adı Kamildir. Kamil adlı şəxs onlara qarşı heç bir zor tədbiq etməmişdir. zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat təxminən 20.30 radələrində rəfiqələri ilə birlikdə Xətai rayonu ərazisində yerləşən «Berlin Pub» restoranına gəlmişlər. Restoranda onlara ayrılmış masada əyləşmişlər və şam edərək içki qəbul etmişlər. Bir müddət sonra qonşu masada əyləşmiş tanımadığı oğlan rəfiqəsi Xədicəyə bir dəstə gül göndərmişdir. Rəfiqəsi həmin şəxsə yaxınlıq verməmişdir. Daha sonra saat təxminən 24 radələrində o rəfiqələri ilə birlikdə restorandan çıxmışlar və Xədicə qabaqda gedərək avtomobilə əyləşmişdir. O, Xədicənin arxasıyla gedərkən restoranda Xədiyəcə gül göndərən oğlan Xədicənin ünvanına təhqiredici ifadələr işlətmişdir. O həmin şəxsə iradını bildirmiş, həmin şəxs onuda təhqir etmişdir. Bununla əlaqədar o orada dayanan polis əməkdaşlarına yaxınlaşmış və bu hadisə ilə əlaqədar şikayyətçi olduğumu bildirmişdir. Sonra polis əməkdaşları həmin şəxsi götürərək polis bölməsinə aparmışlar. Polis bölməsində bilmişdir ki, onları təhqir edən şəxsin adı Kamildir. Kamil adlı onlara qarşı heç bir zor tədbiq etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 12.01.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərardan və zərərçəkmiş şəxslərin izahatlarından görünür ki, Şəxs 09 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən “Berlin Pub” restoranının qarşısında X1 və X2 ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr işlətməmiş, onların şərəf və ləyaqətlərini alçaltmamışdır. Həmçinin zərərçəkmiş şəxslərin də polis bölməsində verdikləri izahatlarında onlara qarşı nalayiq ifadələr işlədən şəxsin X6 olduğunu qeyd etmələri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarında göstərdikləri xüsusatları Şəxs tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilməməsinə dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-53/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-53/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver