Məhkəmə qərarları › İş №3(011)-5303/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5303/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5303/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs QSC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs QSC tərəfindən 80500 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 09 iyun 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 80500 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 10 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla bağlı 08 iyul 2025-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 08 iyul 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilmişdir. Protokolda cəmiyyətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. Mərkəzi Bankın protokolunda göstərilmişdir ki, Cəmiyyət 80 500 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, iki il keçsə də, vəsaitin hesabına alınan mallar ölkəyə idxal edilməmiş, vəsait geri qaytarılmamışdır. İlk növbədə, Şəxs QSC ilə “X2” şirkəti arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən kalsium xlorid adlı malların alınması razılaşdırılmış, malların dəyəri 80 500 ABŞ dolları olaraq razılaşdırılmışdır. Qeyd olunan malların dəyəri 80 500 ABŞ dolları həcmində xx.xx.2023-cü il tarixində “X2” şirkətinin bank hesabına ödənilmişdir. Mallar ödənişdən əvvəl xx.xx.2023-cü il tarixli 4 bəyannamə, xx.xx.2023-cü il tarixli 2 bəyannanə və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında ölkə ərazisinə idxal olunmuşdur. Mallar bu 7 bəyannamə əsasında hər birinin dəyəri 11 500 ABŞ dolları məbləğində olmaqla (11 500 * 7 = 80 500) bəyan olunaraq ölkə ərazisinə gətirilmişdir. Yelo Banka təqdim edilmiş xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədə texniki səhvə yol verilmiş, ödənişin təyinatı mətnində sonradan ödəniş əvəzinə, ingilis dilində “prepayment” olaraq qeyd edilmişdir. Ödəniş tapşırığındakı digər detallar - 80 500 ABŞ dolları həcmində ödəniş məbləği, benefisiarın adı (X2), benefisiarın bankı (Agricultural Bank of China), xx.xx.2023-cü il tarixli FR0078 nömrəli müqavilə bu ödəniş tapşırığının təqdim edilmiş gömrük bəyannamələri əsasında ölkəyə idxal edilmiş malların ödənişi olduğunu təsdiq edir. Təxmin edir ki, ödəniş tapşırığındakı bütün detallar gömrük bəyannaməsindəki mallarla üst-üstə düşsə də, ingilis dilində qeyd edilmiş termində texniki yanlışlığa yol verilməsi inzibati orqanın protokol tərtib etməsinə səbəb olmuşdur. Lakin bu texniki yanlışlığın olması sahibkarlıq subyekti üçün xeyli miqdarda cərimənin tətbiq edilməsi ilə nəticələnməməlidir. Əks halda, bu ölkədəki biznes subyektlərinin inkişafı üçün mütənasib olmayan və əsassız maddi yük yaradar. İş üzrə sübutlar birgə araşdırıldıqda aydın olur ki, malların çatdırılmasını təsdiq edən gömrük bəyannamələrində (GB) də qeyd edilən tərəflər, malın adı, daşıyıcının adı, qısaca bütün detallar ödənişin ediliyi mallar ilə eynilik təşkil edir və eyni alqı-satqı əməliyyatına məxsusdur: GB, 2-ci xana: Təqdim edilən müqavilədə olduğu kimi göndərən şirkət “X2” şirkətidir; GB, 8-ci xana: Malı qəbul edən Şəxs QSC-dir; GB, 20-ci xana: Çatdırılma şərti 120 (sonradan ödəmə) olaraq qeyd edilmişdir; GB, 31-ci xana: Kommersiya invoysunda olduğu kimi idxal edilən mal kalsium xloriddir; GB, 33-cü xana: Malın kodu invoysda qeyd edildiyi kimi 282720 nömrəli təsnifata uyğundur; GB, 42-ci xana: Hər gömrük bəyannaməsi üzrə malların invoys dəyəri 11 500ABŞ dolları olmaqla, ümumilikdə 7 bəyannamə üzrə 80 500 ABŞ dolları təşkil edir. Beləliklə, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 85 500 ABŞ dolları məbləğində mallar ölkəyə daxil olmuş, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə malların ödənişi icra edilmişdir. Bununla da, alqı-satqı əməliyyatı üzrə ödənişin tamamilə sonradan köçürmə növündə olması və bu münasibətlərin, ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyası ilə uyğunluq təşkil etmədiyi aydın olur. Həmçinin nəzərə alınmalıdır ki, vahid məhkəmə praktikasında ödəniş tapşırığı və gömrük bəyannamələrində yol verilən texniki səhvlər inzibati xətanın törədilmiş hesab edilməsi üçün yetərli hesab edilmir və icraata xitam verilir. Məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-819/2025 nömrəli qərarı ilə oxşar iş üzrə Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda oxşar işlə bağlı Xətai Rayon Məhkəməsinin icraatında olan işlər üzrə də icraata xitam verilmişdir. Məhkəmələr barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş sənədləri birgə araşdırmış və texniki səhvə yol verildiyinə görə inzibati xətanın tətbiqini əsassız hesab etmişdir. Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqdim edilmiş yük bəyannaməsinin təyinatında müqavilə uyğunluq təşkil etsə də çatdırılma şərti 120 (malın dəyəri ödənilməmişdir) kimi qeyd edilmişdir. Yəni mallar avans köçürməsindən əvvəl idxal edilmişdir. Odur ki, "xxxx" QSC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan ödəniş tapşırığı surətindən görünür ki, Şəxs QSC tərəfindən 09 iyun 2023-cü il tarixində "xxxx" ASC vasitəsilə 80500 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs QSC tərəfindən 09 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş bəyannamələrdən görünür ki, Şəxs QSC tərəfindən 80500 ABŞ dolları məbləğində vəsaitin qarşılığında alınmış mallar ölkəyə daxil olmuşdur. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən 28 aprel 2023-cü il tarixində 80500 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüş, həmin məbləğ müqabilində olan mallar ölkəyə idxal olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar