Məhkəmə qərarları › İş №3(011)-5379/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5379/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5379/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 14 oktyabr 2024-cü il tarixdə Şəxs üzərindən 0.032 qram psixotrop maddə metamfetamin aşkar olunmuş və onun psixotrop maddələrin istehlakı ilə məşğul olması müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 15 oktyabr 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə məhkum olunmuş və təxminən iki aydır ki, azadlığa buraxılmışdır. Tutulmamışdan əvvəl narkotik vasitə heroin qəbul etmiş, hazırda isə psixotrop maddə metamfetamin istifadə edir. 13 oktyabr 2024-cü il tarixdə, günorta saatlarında müvəqqəti yaşadığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə hərəkətdə olan zaman yerdə siqaret kağızında bükülü olduğunu görmüş, həmin vaxt bükümün içərisində narkotik vasitə ola biləcəyini güman etmiş, həmin bükülünü açdıqda içərisində“metamfetamin” olduğunu görmüşdür. Daha sonra xx.xx.2024-cü il tarixdə, saat 01:40 radələrində Cavanşir küçəsində, “Cin bazarı” adlı yerdə yolu keçən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu PŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 36-cı PŞ-nə getmiş və orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxslərin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan bir ədəd bükümdəki “metamfetamini” çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddənin zərfə qoyulub möhürlənmiş və özü də daxil olmaqla bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2024-cü il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis mayoru Qabil Hüseynov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onun İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialın Xətai RPİ-nin 36-cı PŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakı ilə məşğul olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4886 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi və “...Şəxs üzərindən aşkar olunan maddə; Şübhəli şəxs Həmidzadə-imza, Müdafiəçi - imza, İştirak etdi: iki-imza, Qablaşdırdı: Q.Hüseynov-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,032 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:40-da tutularaq Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi ekspert rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli «14» oktyabr 2024-cü il tarixdən, saat 01:40-dan hesablanmalı, iş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin NH-nə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,032 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,022 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «14» oktyabr 2024-cü il tarixdən, saat 01:40-dan hesablansın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin NH-nə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,032 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,022 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar