Məhkəmə qərarları › İş №3(011)-5393/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5393/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5393/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə Bakı Şəhər X8i İdarəsinin 20 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş TP ******* saylı, 30 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş TP ******* saylı, 30 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın tamamilə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 18:57 radələrində mülkiyyətində olan “Changan Qiyuan Q05 Plugin Hybrid” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti 51 ünvanında hərəkətdə olarkən Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən saxlanılmışdır. İnspektor ona işıqforun qırmızı işığında hərəkət etdiyini bildirmiş və İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Hadisə zamanı işıqforun yaşıl işığı yanıb-sönməkdə idi və o həmin an stop xəttini keçərək yol ayrıcına daxil olaraq hərəkəti davam etmişdir. Tərəfindən bu halı dəfələrlə izah etməyə çalışsa da, inspektor onun açıqlamasına əhəmiyyət verməmiş, sözünü kəsmiş və protokolun artıq tərtib edildiyini bildirmişdir. Saat 18:57-də inspektor ona saxla əmri vermişdir və 19:01 protokol tərtib edilmişdir. Nəzərə alsaq ki, inspektor özünü təqdim edib, yol hərəkətinin pozulması ilə bağlı xətanı tam şəkildə izah etdikdən sonra protokol tərtib etməli və qeyd edilən zaman kəsiyində bu fiziki olaraq mümkün deyildir. Onun israrı ilə yalnız sonradan təqdim edilən video görüntülərdən də açıq şəkildə görünür ki, yaşıl işıq yanıb-sönən zaman o, yol ayrıcına daxil olmuşdur. Protokolun onun iştirakı ilə qərarsız tərtib edilmiş hissəsində öz izahatında qeyd etmişdir ki, yaşıl işıq yanıb-sönən zaman keçmiş və bu səbəbdən protokolla razı deyildir. Lakin bütün bunlara baxmayaraq, barəsində TP ******* nömrəli inzibati qərar qəbul olunmuşdur. Qərarla tanış olduğu tarix- xx.xx.2025, protokolla bağlı bildirişin ona təqdim olunduğu tarix isə xx.xx.2025-ci il olmuşdur. AR İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə uyğun olaraq, bu qərardan qanunvericilkdə nəzərdə tutulan müddət çərçivəsində məhkəməyə müraciət etmişdir. O, inzibati xəta törətmədiyini bildirmiş və YPX inspektorunun təyin etdiyi protokolun əsassız olduğunu bildirmişdir. İnspektorun “bəlkə də yaşıl işıq sönən zaman keçmisiniz” ifadəsi hadisəni tam dəqiq müşahidə etmədiyini və qərarın subyektiv yanaşma və verildiyini göstərdiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi əsassız olmuşdur, ona görə bu barədə qərar ləğv olunmaqla barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun izahat verərək, svetoforun yaşıl işığının yanıb söndüyü zaman oradan keçməsini əks etdirən avtomobilindəki videoqeydiyyat qurğusu ilə çəkilmiş video faylı da nümayiş etmişdir. Bakı şəhər X8 İdarəsinin TP ******* saylı, 30 iyun 2025-ci il tarixli nömrəli qərarının ləğv edilərək barəsində başlanılmış İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Şəhər X8i İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X8i İdarəsinin 20 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 19:01-də “Changan Qiyuan Q05 Plugin Hybrid” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 (yüz) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X1 təqdim etdiyi video gürüntülərdən görünür ki, onun idarə etdiyi avtomobil yolayrıcına daxil olarkən svetoforun yaşıl işığı yanıb-sönür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin, İİİ hissəsinin, 2-ci bəndinə əsasən yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); Həmin Qanununun 76-cı maddəsinin, İV hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, X5 20 iyun 2025-ci il tarixdə hərəkətdə olarkən svetoforun qadağanedici işığında hərəkət davam etməmişdir. Bu səbəbdən Bakı Şəhər X8i İdarəsi tərəfindən tərtib olunmuş 20 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 şikayəti təmin edilsin. Bakı Şəhər X8i İdarəsi tərəfindən tərtib olunmuş İdarəsinin 20 iyun 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar