Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5420/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi X4 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 08 sentyabr 2023-cü il tarixli, 00800/00949 seriyalı inzibati tənbeh vermə haqqında qərarından vəzifəli şəxs X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800-00949/23 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 vermiş olduğu şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3570 manat məbləğində inzibati cərimənin tətbiq edilməsinə dair xx.xx.2023-cü il tarixli, 00800-00949/23 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, xx.xx.2023-cü il tarixli, 00800-00949/23 nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. İlk öncə qeyd etməlidir ki, sözügedən qərar qəbul edilərkən iştirakı təmin edilməmiş, həmçinin qəbul edilmiş qərar ona göndərilməmişdir. Barəsində belə bir qərarın qəbul edildiyindən tələbin könüllü icrası haqqında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 201188/24-1-43-004 nömrəli bildirişi aldıqdan sonra məlumatı olmuşdur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Adıçəkilən Məcəllənin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərərçəkmiş şəxsə verilir. Göründüyü kimi barəsində inzibati xata haqqında iş üzrə icraat aparılan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Eyni zamanda nəzərə çatdırmalıdır ki, xx.xx.2020-ci il tarixli **********6472 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4200 ABŞ dolları dəyərində olan “təhlükəsizlik maskalarını” yardım məqsədi ilə Qazaxıstan Respublikasında olan Ruslan Abdullayevə göndərmişdir. İxrac olunan malların dəyəri olan 4200 ABŞ dolları həmin malların bəyan olunduğu gündən yəni xx.xx.2020-ci il tarixdən 180 gün ərzində onun müvəkkil bankda olunan hesabına köçürülmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Buna münasibətdə bildirmək istəyir ki, sözügedən mallar Qazaxıstan Respublikasına onun iqtisadi fəaliyyəti ilə bağlı olaraq deyil yardım məqsədi ilə göndərilmişdir. Bundan başqa qeyd etmək istəyir ki, əgər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi iddia etdiyi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olsa belə həmin Məcəllə ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddətinin keçdiyindən iş üzrə icraata xitam verilməli idi. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********6472 sorğu nömrəli gömrük bəyannaməsindən də məlum olur ki, mallar xx.xx.2020-ci il tarixdə ixrac edilmişdir. Belə olan halda həmin malların bəyan olunduğu gündən 180 gün ərzində, yəni xx.xx.2020-ci il tarixinə kimi onun müvəkkil bankda olunan hesabına köçürülməli idi. Bu isə göstərir ki, törətdiyi iddia edilən inzibati xəta xx.xx.2020-ci il tarixində törədilmişdir. Buna baxmayaraq baş vermiş hadisədən 3 il 1 ay vaxt keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 00800-00949/23 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X6 verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 08 sentyabr 2023-cü il tarixli, 00800/00949 seriyalı inzibati tənbeh vermə haqqında qərarının inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edildiyini bildirərək, həmin qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və şikayətçinin izahatını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X5 tərəfindən tərtib edilmiş 08 sentyabr 2023-cü il tarixli, 00800/00949 seriyalı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 fəaliyyəti ilə əlaqədar olaraq Qazaxıstanda fəaliyyət göstərən Ruslan Abdullayevə “təhlükəsizlik maskaları” adlı yükü 4200 ABŞ dolları qiymətinə sataraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, xx.xx.2020-ci il tarixli, **********6472 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə dəyərini tamamilə qaytarmayaraq, milli valyutaya nisbətdə 7140 (yeddi min yüz qırx) manat təşkil edən 4200 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla da, X4 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək barəsində 7140 manatın 50 (əlli) % həddində, yəni 3570 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 fəaliyyəti ilə əlaqədar olaraq Qazaxıstanda fəaliyyət göstərən Ruslan Abdullayevə “təhlükəsizlik maskaları” adlı yükü 4200 ABŞ dolları qiymətinə sataraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə ixrac etməsi, konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, xx.xx.2020-ci il tarixli, **********6472 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə dəyərini tamamilə qaytarmayaraq, milli valyutaya nisbətdə 7140 (yeddi min yüz qırx) manat təşkil edən 4200 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməməsi, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və bu səbəbdən onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 25120.67 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 2512.07 ABŞ dolları məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X5 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati tənbeh vermə haqqında 08 sentyabr 2023-cü il tarixli, 00800/00949 saylı qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Belə ki, X6 xx.xx.2020-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “təhlükəsizlik maskaları” yükünü 4200 ABŞ dolları qiymətinə sataraq Azərbaycan Respublikasından Qazaxıstanda fəaliyyət göstərən Ruslan Abdullayevə ixrac etmiş, milli valyutaya nisbətdə 7140 (yeddi min yüz qırx) manat təşkil edən 4200 ABŞ dolları xarici valyutada vəsait 180 gün ərzində müvəkkil bank hesabına köçürülməli olduğu halda təmin edilməmiş, lakin 180 gün müddətin 03 avqust 2020-ci il tarixdə başa çatmasını və həmin tarixin hesablanmaqla izibati tənbeh tədbirinin tətbiq eilməsi üçün müəyyən edilmiş 01 il müddətin 03 avqust 2021-ci il tarixdə bitməsinə baxmayaraq, səlahiyyətli orqan tərəfindən X4 barəsində inzibati tənbeh vermə haqqında qərar inzibati xəta hadisəsinin törədilməsindən 03 il 01 ay 05 gün keçdikdən sonra, yəni 08 sentyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X3 qəbul etdiyi 08 sentyabr 2023-cü il tarixli, 00800/00949 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 08 sentyabr 2023-cü il tarixli, 00800/00949 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5420/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5420/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver