Məhkəmə qərarları › İş №3(011)-5422/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5422/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5422/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 17 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X8 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-4554/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 17 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək va Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi il təqsirli bilinib, 4200 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı 25 sentyabr 2024-cü il tarixdə poçt vasitəsilə almışdır. Hesab edir ki, qeyd olunan qərar əsasızdır. Belə ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X3 "xxxx" MMC-nin direktoru X9 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd etməlidir ki, həmin vətəndaşla "xxxx" MMC arasında heç bir əmək münasibətləri olmamışdır və DİN-nin işğaldan azad olunmuş ərazilərə buraxılış icazəsi onların tərəfindən alınmamışdır. Hesab edirlər ki, X5 yerində heç bir nəzarət tədbiri olmadan, əsassız şəkildə "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemindən əldə edilmiş məlumata əsasən qərar qəbul etmişdir. "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemindən əldə edilmiş məlumata əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün möhtəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli hesab edib, inzibati qaydada cərimə etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirilmədiyindən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və barəsində hər hansı bir inzibati xəta hadisəsi olmadığından barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, göstərilənlərə əsasən o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X10 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin direktoru X8 tərəfindən vətəndaş X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 4200 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən o, şikayətçi "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 17 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X8 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, səlahiyyətli orqanın nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X7 tərəfindən tərtib olunmuş 17 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 17 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən vətəndaş X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-nin direktoru X8 tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4200 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4417/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən şikayətçi X2 direktoru olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan eyni inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Həmin qərardan məlum olduğu kimi məhkəmə iclasında şahid qismində izahatı alınmış X3 bildirmişdir ki, o, "xxxx" MMC şirkətində çalışmaq üçün işə dəvət edilmişdir, lakin işə gedib iş şəraiti ilə yerində tanış olduqdan sonra, həmin şərait onu qane etməmiş və ona görə də o, həmin işdən imtina etmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlara və X3 tərəfindən verilmiş şikayətə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni hüquqi şəxs "xxxx" MMC-nin direktoru X8 tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxsin və ya digər hər hansı bir şahidin izahatı alınmadan, X1 həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməməsini, həmin rayonlara getmişsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmaması araşdırılmamışdır. Belə ki, həmin şəxs üçün icazənin istənilməsi və ya şəxsin heç bir sübuta istinad etmədən hüquqi şəxs barəsində şikayət etməsi özlüyündə hüquqi şəxsin rəhbəri tərəfindən onun əməyə cəlb edilməsi anlamına gəlmir. Yuxarıda qeyd olunan hallar və şikayətçinin ərizəsində göstərdiyi xüsusatlar araşdırılmadan, X1 izahatı alınaraq zəruri araşdırma aparılmadan, həmin vətəndaşlarla "xxxx" MMC arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilmədən, bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmadan vəzifəli şəxs X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X8 tərəfindən şəxsin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin direktoru X2 barəsində qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsiri sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar