Məhkəmə qərarları › İş №3(011)-5427/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5427/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5427/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 29 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-288/2024 saylı 04 mart 2024-cü il tarixli və 36 saylı Notariat ofisinin 1356 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərininin tələbləri Şəxs tərəfindən icra edilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs icrası bütün şəxslər üçün məcburi olan icra vərəqəsinin icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Aşirova X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, hər iki icra vərəqəsi üzrə ödənişlər etmişdir. Öhdəliyin icrasından yayınmır. Hazırda işləmədiyi və maddi imkanı olmadığı üçün ödənişi tam həcmdə edə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin e-2(012)-288/2024 saylı 04 mart 2024-cü il tarixli icra sənədindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Şəxs və X1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsi üzrə 5677,13 (beş min altı yüz yetmiş yeddi manat on üç qəpik) manat əsas, 398,5 (üç yüz doxsan səkkiz manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 6075,63 (altı min yetmiş beş manat altmış üç qəpik) manat borc və 80,8 (səksən manat səksən qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçı X7 Bakı filialının xeyrinə tutulması, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pulun cavabdehlər Şəxs və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; 03 aprel 2024-cü il tarixli 8İ-1356 nömrəli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 8.553,91 manat, 218.54 manat peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8.797,45 manat pul tutulmuşdur; 18 sentyabr 2024 və 05 aprel 2024-cü il tarixli qərarlarla həmin icra vərəqələri üzrə icraata başlanmış və Şəxs tələbin icrası barədə bildiriş göndərilmişdir. iş materiallarından görünür ki, xx.xx.2024, xx.xx.2025-ci il tarixlərdə icra məmuru tərəfindən borclunun izahatı alınmışdır. Məhkəmə araşdırması zamanı Şəxs və icra məmurunun izahatları ilə müəyyən edilmişdir ki, borclu hər iki icra vərəqəsi üzrə ödənişlər etmişdir. Şəxs təqdim etdiyi sənədlərdən görünür ki, onun "xxxx" ASC-nə bu günə olan borcu 5620 manat təşkil edir. X7 Bakı filialına məhkəmə qətnaməsi çıxandan sonra 60 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan Şəxs verdiyi bütün izahatlarında borcunun olmasını qəbul etməsi, borcu ödəməkdən imtina etmədiyi, ödənişlər etdiyi müəyyən edilmişdir. Bu hallar onun icra sənədinin icrasından qərəzli olaraq yayınmamasını təsdiq edir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar