Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5463/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Hüquqi şəxs «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hüquqi şəxs «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 22 iyul 2025-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 200.000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 21 iyun 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 96817,15 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 22 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Şəxs tərəfindən təqdim edilmiş məktuba münasibətdə qeyd edir ki, "xxxx" ASC tərəfindən tarixsiz verilən məktub barədə Mərkəzi Banka hər hansı məlumat daxil olmamışdır. Vəsaitin qaytarılması barədə isə onu qeyd edir ki, xx.xx.2023-cü il tarixli 200000.00 USD avans köçürməsinin 96817.15 USD qalıq avansın qarşılığında xx.xx.2025-ci il tarixdə həmin vəsait hesabına geri qaytarılmışdır. Odur ki, vəsaitin xx.xx.2025-ci il tarixdə geri qaytarılmasını nəzərə alaraq Şəxs barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan köçürmə haqqında ərizədən görünür ki, «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 21 iyun 2023cü il tarixində "xxxx" ASC vasitəsilə 200.000 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 01 iyul 2025-ci il tarixli məktubdan görünür ki, «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 21 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış 200.000 ABŞ dolları məbləğində ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 96817,15 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilər haqqında məlumatlar təqdim edilməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı X4 ASC-dəkı carı hesabına xx.xx.2025-ci il tarixində daxil olan 99934.98 USD məbləğində vəsait, TuranBank ASC tərəfindən xx.xx.2023 tarixində 200000 USD məbləğində edilən avans köçürməsindən qalan 96,817.15 USD qalıq məbləği tam bağlayır. Daxil olmadan qalan qalıq məbləğ 3117.83 USD təşkil edir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 21 iyun 2023-cü il tarixində 200.000 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüş, 96817,15 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmaması və ya həmin vəsaitin geri qayıtmaması əsası ilə hazırkı protokol tərtib edilmişdir. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, ölkə xaricinə köçürülən 96817,15 ABŞ dolları məbləğində vəsait hüquqi şəxs «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesablarına həbs qoyulması səbəbindən 02 il sonra hesaba qayıtmışdır. Odur ki, məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs «X2 X3 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXMin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-5463/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5463/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver