Məhkəmə qərarları › İş №3(011)-5511/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5511/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5511/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X2 xx.xx.2024-cü ildən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5 vəsatətlə çıxış edərək bildrimişdir ki, 3(011)-5511/2024 nömrəli məhkəmə işi üzrə işin bütün faktiki hallarının öyrənilməsi və məhkəmə araşdırmasının obyektiv aparılması üçün şahidlərin izahatlarının alınması zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Yuxarıda qeyd olunanlara və İXM-nin 52-ci maddəsinə əsasən, növbəti məhkəmə iclasında portaldan çıxarışda adları qeyd olunan şəxslərin izahatlarının alınmasının məhkəmə tərəfindən təmin edilməsinə köməklik göstərməyinizi və bu məqsədlə məhkəmə iclasını növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış barəsində inzibati protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, vətəndaş X1 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşla Şəxs arasında hər hansı bir əmək münasibətinin yaranıbyaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni Şəxs tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedibgetməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Belə ki, həmin şəxslər üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilmələri anlamına gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477- 1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Həmçinin qeyd olunmalıdır ki, 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda qeyd edilmişdir ki, bu fakt Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar ilə təsdiq edilir. Əlavə olaraq qeyd edilməsi zəruri hesab edilir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-3101/2024 saylı qərardadı ilə hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılması qərara alınmış, protokolda müəyyən edilən pozuntular qərardadda qeyd edilmişdir. Lakin, həmin xətalar aradan qaldırılmadan yenidən həmin protokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək məhkəməyə göndərilmişdir. Çünki, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən olunmalıdır. Bundan əlavə protokolda adı keçən X1 məhkəmə iclasında iştirakının təmin edilərək izahatının alınması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin məcəllənin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Qeyd olunan maddələrdən də, göründüyü kimi məhkəmə inzibati xəta haqqında işə 15 gün müddətində, bu mümkün olmadıqda isə 30 gün müddətində baxb qurtarmalıdır. Verilmiş vəsatətin təmin edilməsi isə həmin müddət ərzində baxılması qeyri-mümkün olduğundan, habelə protokol yuxarıda sadalanan pozuntular ilə tərtib olunduğundan vəsatətin təmin edilməsi məqsədə müvafiq hesab edilmir. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda isə hüquqi şəxs Şəxs tərəfindən protokolda adı qeyd edilən şəxslərin əməyə cəlb edilmələri göstərilsə də, araşdırma natamam şəkildə aparıldığından və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından, iş materiallarında bu barədə hər hansı sübut mövcud deyildir. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar