Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5607/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 31 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 31 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini, avtomobilinin cərimə meydançasından saxlanması haqqında tələb edilmədən dərhal buraxılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, o, 18 iyul 2025-ci il tarixində Bakı şəhəri Yusif Səfərov küçəsində 15:20 radələrində özünə məxsus olan **-CT-*** dövlət qeydiyyat nişanlı “X6” markalı avtomobilimlə hərəkətdə olan zaman həmin ünvanda hərəkətdə olan **-YP-*** qeydiyyat nişanlı YPX avtomobili ona «saxla» əmri vermiş, o qanuna əsasən, «saxla» əmrinə riayət etmiş, avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini avtomobilin arxasında olan qoşqu yeri (farkop) olduğunu demiş və sonradan avtomobilin dövlət qeydiyyat nişanının qeyri standart olduğunu əlavə etmişdir. O isə öz növbəsində etiraz edərək, **-CT-*** dövlət qeydiyyat nişanı dövlət tərəfindən verildiyini və tam standartda və sözü gedən qoşqu yeri də kustar olmamış, standarta uyğun olaraq avtomobil üçün nəzərdə tutulmuş və avtomobil 2014-ci ildə Azərbaycana idxal edilən zaman üzərində mövcud oluğunu bildirmişdir. Onun etirazına cavab olaraq aqressiv və kobud şəkildə inspektor eyni avtomobildə birlikdə xidmətdə olan YPX nəfərinə maşınının cərimə meydançasına aparmasını əmr etmişdir. Nəticədə avtomobili Xətai rayonunda Qənimətlər parkı ilə üzbəüz yerləşən cərimə meydançasına aparmışlar və bundan sonra Badamdarda yerləşə BDYPi-də 30-cu otağa yaxınlaşmağım deyilmişdir. O, dərhal deyilən ünvana getmiş, uzun növbədən sonra otağa qəbul edilmiş, daxil olarkən içəridə (qapıdan girən kimi qapının qarşısında oturan) polis məmuru çox normal, insana, Azərbaycanlıya, Azərbaycan polisinə yaraşan şəkildə qarşılamış və şikayətini dinləmişdir. Bir müddət sonra sol tərəfdə oturan (sarışın) polis məmuru serjant (Rzayev Zaur özünü belə təqdim etmişdi) söhbətə müdaxilə edərək aqressiv şəkildə "ver mən həll edərəm" demiş və bundan sonra şikayətini həmin məmura izah etməyə başlamış ki, tam raşdırmadan, dinləmədən, qərəzli olaraq göstəriş verərək “dərhal bunun cəriməsini yazın” deyə əmr vermiş, nəticədə İXP7278411 protokol tərtib olunaraq barəmdə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilməyimlə bağlı qərar çıxarılmış, (saxlanma səbəbinə edilən iddia ilə deyil başqa iddia ilə: qeyri standart nömrə və led işıq (standart qeydiyyat nişanı və led işıq hansı ki, nəqliyyat vasitəsinə uyğundur, tənzimlənəndir və bu, işıqla texniki baxışdan keçilib və uyğunsuzluq haqqında heç bir irad bildirilməyib. Son texniki baxışdan keçmə vaxtı xx.xx.2024-cü il tarixdə olmuşdur. Protokolda onun Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyi qeyd edilmişdir. Onun etirazı haqqında çıxarılan avtomobilinin cərimə meydançasına yerləşdirmə qərarı və tərtib edilmiş protokolun hüquqi əsaslarının olmamasıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə; Qeyd: Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi. 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; • 85CT369 dövlət qeydiyyat nişanı tam orijinal və standartdır və əlavədə gördərdiyim avtomobilə aid texniki pasport bunun sübutudur. 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; Qeyd: "Yol hərəkəti haqqında" qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Bununla belə, led işıqlar qadağan olunmayıb. Sadəcə olaraq həmin tip işıqlar quraşdırılarkən, maşının elektrik gücü nəzərə alınmalıdır. Həmin led lampanın avtomobilin üzərində olan sadə lampanın gücünə bərabər olub-olmaması nəzərə alınmalıdır. İşığın düzgün bucaq altında düşməsi, sağa, sola doğru səpələnməsi, önə hansı dərəcə işıq salması, qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinə nə qədər maneə törətməsi bunlar hamısı mütləq nəzərə alınmalıdır. • 2010-cu il istehsalı X7 markalı 85CT369 dövlət qeydiyyat nişanlı avtomobilə ön faralada itehsalçımn nəzərdə tutduğu tipi Hİ və H7 olan lampaları eyni tip, eyni rəng, eyni yerləşmə və eyni iş rejimli "LED" diodlu lampa ilə əvəz edilmişdir və lampalar nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğundur. Texniki baxışdan keçərkən təsdiqini tapmışdır. Qanunvericilikdə led işıqlarla bağlı istinad olunası bir məqam yoxdur. Göründüyü kimi bu maddələrin tələbləri pozulmuş deyildir. Çünki mənim avtomobilimdə qanunsuz və qadağan olunmuş heç bir dəyişiklik edilməmişdir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğindir. Lakin bunun üçün təqsirim sübut olunmalıdır. Çünki AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edirik ki, İXM-nin 53.0-cı maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X4 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X4 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq İXP ******* saylı protokola AR DİN BDYPİ tərəfindən çıxarılmış 31 iyul 2025-ci il tarixli TP7401957 nömrəli qərarın ləğv edilməsi, avtomobilimin cərimə meydançasından saxlanma haqqı tələb edilmədən dərhal buraxılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, X9 əməkdaşı tərəfindən qoşqusu səbəb göstərilərək saxlanılmış, o qoşqunun onun tərəfindən avtomobilə quraşdırılmadığını, onun tərəfindən heç bir inzibati xəta törədilmədiyini bildirsə də, polis əməkdaşları tərəfindən nəzər alınmamış, hətta avtomobilinə “led” lampaların quraşdırıldığı bildirilərək cərimə meydançasına aparılacağı bildirilmiş və həmin vaxtdan avtomobili qanunsuz olaraq duracaqda saxlanılır. Şikayətləri ilə bağlı səlahiyyətli orqanin rəhbər şəxslərinin qəbulunda olmuş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan görünür ki, 18 iyul 2025-ci il tarixdə X2 barəsində inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 (bir yüz əlli) manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, X4 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 96.1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. “Yol hərəkəti haqqında” Qanunun 84-cü maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək vəzifəsi var. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 barəsində Bakı şəhəri X10 Şöbəsi tərəfindən qəbul edilmiş 31 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın konkret nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənmişdir, heç bir sübuta istinad edilmədən qərar qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X2 normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirməsini hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş 31 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X10 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 31 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5607/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5607/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver