Məhkəmə qərarları › İş №3(011)-5612/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5612/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5612/2025 13.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə 18 iyul 2025-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən X3 tərəfindən ƏLTMM Daxili nəzarət proqramı tətbiq edilməmişdir. Məsul şəxsin təyin edilməsi barədə MMX-ya məlumat verilməmişdir. Dövlət Vergi Xidməti tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Dövlət vergi xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə müəssisəmizdə 2022-2025 ci illər üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar daxil olmuşdur. Qərarla bağlı bildirişdə yoxlamanın iki istiqamətdə, vergi və digər icbari ödənişlərlə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi, həmçinin "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş vəzifələrə əməl edilib-edilmədiyini müəyyənləşdirmək üçün açıldığı qeyd edilmişdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun 16-cı maddəsində nəzarət orqanı Dövlət Vergi Xidmətinin göstərilməsinə baxmayaraq Vergi Məcəlləsinin 38-ci maddəsində Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi və digər icbari ödənişlərlə bağlı öhdəliklərin yerinə yetirilməsi hallarının araşdırılması məqsədi ilə keçirilməsi nəzərdə tutulub. Məlumat üçün bildirim ki, müəssisəmiz mikro sahibkarlıq subyekti kateqoriyasına aiddir və digər sahibkarlıq subyektlərinə mühasibat, vergi uçotu sahəsində məsləhət xidmətləri, hesabatların hazırlanması və müvafiq orqanlara təqdim edilməsi xidmətlərini göstərir. Xidmətlər sifarişçinin ofisində, bəzi hallarda isə müəssisəmizin ofisində icra edilir. Müəssisəmiz, sifarişçi müəssisələrin idarə edilməsində və ya pul vəsaitinin hərəkətlərinin (köçürmələrin) icrasında birbaşa və ya dolayısı ilə iştirak etmir. Hesabatlar sifarişçinin excel faylda təqdim etdiyi bank və ƏDV-nin depozit hesabı çıxarışlarına əsasən tərtib edilir. Vergi auditoru ilə şifahi müzakirəmizdə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun 3-cü maddəsinə əsasən bu qanunvericiliyin müəssisəmizə tətbiq olunmalı olduğunu necə aşkarladığını soruşmağıma baxmayaraq sualım cavabsız qalmışdır. Bu istiqamətdə yoxlama aparmadan akt və protokol tərtib edilmişdir. Müəssisəmiz qeyd edilən maddəyə əsaslanaraq "daxili nəzarət proqramı” tətbiq etmək öhdəliyinin olmadığını idda edir. Vergi və digər icbari ödənişlərlə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində aparılmış yoxlamada müəssisəmizdə qanun pozuntusu aşkarlanmamışdır. Barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.4-cü maddəsinə əsasən inzibati xətaya görə hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 598.7-ci maddəsinə əsasən, bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə – vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar