Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5619/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 23 iyul 2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2705/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qalıq 205.421,5 manat pulun tələbkara ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, vergi orqanı tərəfindən MMC-nin hesabları üzərinə həbs qoyulmuşdur. Hazırda vergi orqanı ilə aralarında inzibati qaydada məhkəmədə mübahisə davam etməkdədir. Həmin mübahisə yekunlaşdıqdan sonra orqan hesablar üzərindəki həbsi götürəcək və qərarın icrası mümkün olacaq. Odur ki, qərarın icrasından qərəzli şəkildə yayınmadıqlarını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru və tələbkar "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə icra məmurunun və tələbkar "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2705/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs MMC-dən 242.505,5 manat məbləğində əsas borc, 4.041 manat faiz borcu, 7.275 manat məbləğində cərimə borcunun "xxxx" MMC-nin AR Filialının xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs MMC-yə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2705/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi bildirilmiş, qərarın və tələbin könüllü icrası haqqında bildirişin surəti borclunun direktoru X4 tərəfindən bildirişə imza atmaqla rəsmi qaydada qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən Şəxs MMC-yə yazılı qaydada xəbərdarlıq edilmişdir; İcra məmuru tərəfindən xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixdə borclunun direktoru X1 izahatı alınmışdır. İcra məmuru tərəfindən Şəxs MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə iznibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli 3(011)-214/2025 saylı qərarı ilə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4338/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-282810/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı 2023-cü il üzrə mənfəət vergisi üzrə hesablanmış 137212,12 manat hissəsində, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 325127/2024 nömrəli "Vergilərin, sosial sığorta və İşsizlik sığortası haqlarının hesablanması barədə" qərarı tam və xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-330965/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı 18135,06 manat hissədə ləğv edilmişdir. Məhkəmə, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və hüquqi şəxsin nümayəndəsinin izahatlarından görünür ki, hüquqi şəxsin vergi orqanı ilə aralarında olan məhkəmə mübahisəsi ilə əlaqədar şirkət riskli vergi ödəyicisi hesab olunmuş, şirkətin hesabları üzərinə həbs qoyulduğundan ödəniş etməklə icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı mərhələdə hüquqi şəxsin əməlində icra sənədinin icrasından qərəzli şəkildə yayınma halı müəyyən edilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-5619/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5619/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver