Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5622/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, Şəxs MMC-yə məxsus xəstəxana məlumat idarəetmə informasiya sistemində (internet ünvanı :https://his.rmg.az/his/login) fərdi məlumatların mühafizəsinin təmin edilməməsi və həmin informasiya sisteminin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnaməyə uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən ölkədə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili və kiberhücumların qarşısının alınması məqsədi ilə internet informasiya ehtiyatlarının fəaliyyətinin monitorinqinin aparılması nəticəsində 11 mart 2024cü il tarixdə Şəxsnə məxsus müştərilərin qeydiyyatı və ödənişlərinin idarə olunması informasiya sistemində zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müvafiq şirkətlə müqavilə bağlayan hüquqi şəxslərin səlahiyyətli nümayəndələri və həmin şirkətin əməkdaşlarına dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir. Belə ki, zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən Şəxs MMC-yə məxsus xəstəxana məlumat idarəetmə informasiya sisteminin (internet ünvanı:htİps://his.rmg.az/his/login) inzibatçısının giriş məlumatlarının kənar şəxslər tərəfindən ələ keçirilməsi və internetdə yayılması nəticəsində həmin sistemdə 541 000 (beş yüz qırx bir min) pasiyentə məxsus fərdi məlumatların - adı, soyadı, ata adı, doğum tarixi, doğulduğu yer,qan qrupu, cinsi, yaşı, telefon nömrəsi, fərdi identifikasiya nömrəsi, tibbi yardım üçün müraciət etməsi faktı, pasiyentin qəbul nömrəsi, xəstəxanaya gəliş və xidmətlərdən istifadə sayı, istifadə etdiyi tibbi və laborator xidmətin adı, kodu, xidmətdən istifadəyə görə etdiyi ödənişlərə dair məlumatlar, müayinə və müalicə üçün müraciət etdiyi həkimin adı, ixtisası, pasiyent və epikriz statistikası, müalicə tarixçəsi, pasiyentlərin həkimlərlə randevu məlumatları və sağlamlığının vəziyyəti ilə bağlı müayinə vaxtı əldə edilən digər məlumatların məzmununun əldə edilməsi, redaktə olunması və silinməsi mümkündür. Beləliklə o, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun müdiri X3 tərəfindən tərtib olunmuş 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus xəstəxana məlumat idarəetmə informasiya sistemində (internet ünvanı :https://his.rmg.az/his/login) fərdi məlumatların mühafizəsinin təmin edilməməsi və həmin informasiya sisteminin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi faktı aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim olunmuş 01 ədəd “DVD-R” formatlı diskə baxış zamanı Şəxs tərəfindən fərdi məlumatlar haqqında qanunvericiliyin tələblərinin pozulması bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 375.0-cı maddəsinə əsasən fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: 375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə; 375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü maddəsinə əsasən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. “Fərdi məlumatlar haqqında’’ Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən, fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır, habelə Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair tələblərə'' əsasən informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı mülkiyyətçi və operatorlar fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, fərdi məlumatların işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi, informasiya mühafizə vasitələrindən istifadə edən şəxslərə həmin vasitələrlə işləmə qaydalarının öyrədilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair təlimlərin keçirilməsi ilə bağlı texniki-təşkilati tədbirlər görməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərəflərin çıxışları, 01 ədəd “DVD-R” formatlı diskdə olan videogörüntü və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC-yə məxsus xəstəxana məlumat idarəetmə informasiya sistemində (internet ünvanı:https://his.rmg.az/his/login) fərdi məlumatların mühafizəsi təmin edilməmiş və həmin informasiya sistemi dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bununlada, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5622/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5622/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver