Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-566/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş 14.01.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, “X6 4140 xüsusi təyinatlı” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs 20.11.2021-ci il tarixdə geri dönmə əməliyyatı apararaq avtomobili sol hərəkət hissəsinə çıxartmış və “Toyota Prius” markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı “Toyota Prius” markalı avtomaşın yolun kənarında dayanmış “Audi Q7” markalı avtomaşının sağ yan hissəsinə çırpılmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində X4 az ağır, X1 və X2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarına əlavə olunmuş cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə 22 dekabr 2021-ci il tarixli qərara əsasən Şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmiş və qərarın surəti ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilmişdir. Lakin cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə 22 dekabr 2021-ci il tarixli qərar ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Xətai rayon prokuroru ilə razılaşdırılmadan qəbul edilmişdir. Bundan başqa, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Belə olduğu təqdirdə şəxsin sürücülük vəsiqəsi məhkəməyə göndərilən materiallara əlavə edilməmişdir. Halbuki, İXM-nin 94.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-566/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-566/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver