Məhkəmə qərarları › İş №3(011)-5677/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5677/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5677/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-2700/2024 saylı və Xətai RPİ 37-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli ******* nömrəli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN ******* nömrəli, 25 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə AR İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmçinin o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-2700/2024 saylı qərarı ilə AR İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Lakin o, icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, əvvəlki cərimə ilə bağlı müəyyən ödənişlər etmiş, borc məbləğinin tam silindiyini hesab etmişdir. Lakin 2024-cü il tarixli icra sənədiylə bağlı məlumatı olmamışdır. Hazırda fəhlə kimi günəmuzd işləyir, maddi vəziyyəti pisdir. Himayəsində azyaşlı uşağı, xəstə valideyni var. Göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai rayon İcra şöbəsinin 08 avqust 2024-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs xx.xx.2024-cü il tarixli, 3(011)-2700/2024-004 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması üçün vaxt verilmişdir. Xətai rayon İcra şöbəsinin 26 avqust 2020-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Xətai RPİ-nin 37-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli ******* nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması üçün vaxt verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli, 3(011)- 2700/2024-004 saylı icra sənədi üzrə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icra olunması barədə bildiriş borclu Şəxs göndərilmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində borclu icra sənədini icra etmədiyindən borclu İcra şöbəsinə yalnız 25 oktyabr 2024-cü il tarixdə dəvət edilərək ondan izahat alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. Bundan əlavə Xətai Rayon İcra Şöbəsi tərəfindən borclu Şəxs əmlak və digər gəlirləri barədə müvafiq orqan və təşkilatlara sorğular verilməsi, verilmiş sorğular nəticəsində borclunun adına hər hansı daşınar və daşınmaz əmlak, nağd pul müəyyən edilməsi, həmçinin borclunun yaşadığı evə keçirilmiş baxış zamanı tələbin yönəldilə biləcəyi digər əmlak aşkar edilməsi barədə məlumat da yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-2700/2024-004 saylı icra sənədindən görünür ki, həmin icra sənədi borclu Şəxs AR İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində təyin edilmiş cərimə cəzası üzrə tərtib edilmişdir. AR İXM-nin 529.2-ci maddəsində isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarları həmin maddənin istisnası kimi qeyd edilmişdir. Protokolda göstərilən digər icra sənədinə görə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Şəxs AR İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərar icraya yönəldilmişdir, qərar icra şöbəsinə daxil olduqdan sonra xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. Belə olduğu təqdirdə hazırkı protokol tərtib edilən vaxtda həmin tarixdən 01 ildən artıq vaxt keçmişdir, bununla da inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Çünki qərarın həmin şöbəyə daxil olduğu gündən 25 gün keçdikdən sonra, 26-cı gün şəxsin inzibati məsuliyyəti yarandığı günün əvvəli olur və inzibati məsuliyyətə cəlb etmə müddətinin əvvəli həmin gündən başlayaraq davam edir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 ay keçənədək verilə bilər. Həmçinin hazırkı inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyil. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində qərəz olmadığından inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar