Məhkəmə qərarları › İş №3(011)-58/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-58/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-58/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Təhməzov Nihad İlham oğlunun katibliyi, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, təmir işləri ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsindən daxil olmuş 13.01.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 12 yanvar 2022-ci il tarixdə saat 02:50 radələrində M.Hadi küçəsi 63 ünvanında polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş və qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 02:50 radələrində M.Hadi küçəsində dostu Muradəli və onun Xaski cinsli iti ilə gəzən zaman, onda olan üzərində YPX yazısı olan jileti itə geyindirmişlər, bu zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş və onları polis bölməsinə dəvət etmişlər. YPX-nin jiletini 2 il bundan əvvəl Hövsanda yolun kənarında tapmış və həvəskarı olduğu üçün özündə saxlamışdır, lakin həmin jiletdən heç bir zaman istifadə etməmişdir. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol veməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 13.01.2022-ci il tarixli protokol tərtib olunduğunu bildirmiş və bu səbəblə Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 02:50 radələrində xidmətdə olan zaman M.Hadi küçəsi, bina 63A ünvanının qarşısından keçən zaman 2 nəfər şəxs görmüşlər və yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Yaxınlaşanda həmin şəxslərin yanlarında olan ağ rəngli Xaski cinsli itə Azərbaycan Respublikasının DİN-nin YPX-yə məxsus olan yaşıl rəngli jiletini geyindirdiklərini və Samsung markalı telefona çəkdiklərini aşkar etmişlər. Şəxs polis bölməsinə dəvət olunsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polis bölməsinə getməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 13 yanvar 2022-ci il tarixli, 183 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan OPİ, MET və AMP aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 12 yanvar 2022-ci il tarixli MN seriyalı 180552 saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 04:55-də tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 13.01.2022-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 12 yanvar 2022-ci il tarixdə saat 02:50 radələrində M.Hadi küçəsi 63 ünvanında polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş və qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Məhkəmə, tərəflərin və şahidin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12.01.2022-ci il tarixdən saat 04:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar