Məhkəmə qərarları › İş №3(011)-5801/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5801/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5801/2025 26.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs QSC-nin hüquq şöbəsinin müdiri X2 iştirakı ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında 16 iyul 2025-ci il tarixli, 00100- 02087/25 nömrəli protokol material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materala əsasən, AZ1025, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, ev.25E ünvanında qeydiyyatda olan "xxxx" QSC-nin ünvanına Hindistandan idxal edilmiş mallar 08ABF937/08AAV630 nömrə nişanlı nəqliyyat vasitəsilə xx.xx.2025-ci il tarixdə "Qırmızı Körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. İdxal edilmiş mallara dair qeydiyyat nömrəsi xx.xx.2025-ci il tarixdə saat 14:40-da verilmiş, lakin **********3458 sorğu nömrəli gömrük bəyannaməsi 15 (on beş) gündən gec olmayaraq təqdim edilməli olduğu halda xx.xx.2025-ci il tarixdə saat 21:47-də təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, 08ABF937/08AAV630 nömrə nişanlı nəqliyyat vasitəsində idxal edilmiş mallara dair gömrük orqanına müəyyən edilmiş müddətdə təqdim edilməli olan gömrük bəyannaməsi gecikdirilərək xx.xx.2025-ci il tarixdə saat 21:47-də "xxxx" QSC tərəfindən gömrük orqanına verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs QSCnin hüquq şöbəsinin müdiri X3 izahat verərək göstərmişdir ki, "xxxx" QSC-nin Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsində daxil olmuş inzibati xəta haqqında protokola əsasən, "xxxx" QSC-nin ünvanına Hindistandan idxal edilmiş mallar 08ABF937/08AAV630 nömrə nişanlı nəqliyyat vasitəsilə xx.xx.2025-ci il tarixdə "Qırmızı Körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. İdxal edilmiş mallara dair qeydiyyat nömrəsi xx.xx.2025-ci il tarixdə saat 14:40-da verilmiş, lakin **********3458 sorğu nömrəli gömrük bəyannaməsi 15 (on beş) gündən gec olmayaraq təqdim edilməli olduğu halda xx.xx.2025-ci il tarixdə saat 21:47-də təqdim edilmişdir. Qeyd etmək istəyir ki, bir müddət əvvəl Hindistandan idxal olunmuş elektrik avadanlığında qüsur olduğundan istehsalçı ölkəylə danışıq aparılmış və qüsurlu malın yerinə yenisini tədarük edilmişdir. Həmin mal xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Bundan sonra tərəfimizdən Dövlət Gömrük Komitəsinin "E-customs.gov.az" saytına ərizə ilə müraciət edərək qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhssulların idxal edilməsinə (standart mübadilə sistemi ilə gömrük rəsmiləşdirilməsinə) icazə verməyi xahiş etmişlər. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciətimizə cavab verilməmişdir. Bu səbəbdən qeyd olunan malların hansı prosedur altında rəsmiləşdirilməsini vaxtında müəyyən edə bilməmişik. (Ərizə və onun göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə olunur). Ərizəyə cavab verilmədiyi üçün əməkdaşımız Dövlət Gömrük Komitəsinə şifahi müraciət etmiş, lakin onlar da qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhssulların idxal edilməsinə görə hansı qaydada gömrük ödənişi edilməsini müəyyən edə bilməmişlər. Bu səbəbdən biz məcburiyyət qarşısında yeni malların ixrac edilməsi qaydasında gömrük ödənişləri aparmışıq. Göründüyü kimi qeyd olunan hal (müraciətə cavab verilməməsi) Dövlət Gömrük Komitəsinin hərəkətsizliyi nəticəsində baş vermişdir. Bu səbəbdən də hesab edirik ki, "xxxx" QSC-nin Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair iş üzrə başlanmış icraata, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə işə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İpək yolu” gömrük postunun rəisi Kamran Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli raportdan görünür ki, idxalatçı "xxxx" MMC-nin adına Hindistan Respublikasından 08ABF937/08AAV630 nömrəli avtomaşında (barkod: **********11697 QİB: **********8586) daxil olan yükün çatması VAİS proqramında xx.xx.2025-ci il tarixdə təsdiq olunmuşdur. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi GM-nin 149.3 maddəsinə əsasən 15 (on beş) gündən geç olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi hələ də təqdim edilməmişdir. Avtomaşın hazırda yüklü vəziyyətdə "İpək Yolu" gömrük postunda yerləşir. **********3458 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mallar ölkəyə xx.xx.2025-ci il tarixdə idxal edilmişdir. X1 Sistemindən çıxarışdan görünür ki, 08AAV630 nömrəli nəqliyyat vasitəsilə mallar xx.xx.2025-ci il tarixdə "Qırmızı Körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Bakı Baş Gömrük İdarəsinin rəisinə ünvanladığı 30 may 2025-ci il tarixli, № 30-L1/05 məktubdan görünür ki, şirkət 08 ABF 937 - 08 AAV 630 135№li CMR ilə SCHNEİDER ELECTRİC İT BUSİNESS İNDİA PRİVATE LTD (Polygon Eurasia FZE tapşırığı ilə) şirkətindən UPS dəstini (qüsurlu avadanlıq əvəzinə) (1 yer 14500 kq invoys 265450_ABŞ dolları) idxal edir. Standart mübadilə sistemi ilə gömrük rəsmiləşdirməsinə icazə verilməsi xahiş edilmişdir. Standart mübadilə sisteminin tələblərinə uyğun olaraq qüsurlu malların bəyan olunduğu gündən 2(iki) ay ərzində geriyə ixrac olunmasını öhdələrinə götürürlər. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, Hindistan Respublikasından gələn mallar xx.xx.2025-ci il tarixdə 08AAV630 nömrəli nəqliyyat vasitəsilə "Qırmızı Körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Lakin daxil olan mallar qüsurlu olmuş və "xxxx" QSC bu barədə Bakı Baş Gömrük İdarəsinə müraciət edərək məlumat vermişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciətə cavab verilməmişdir. Bu səbəbdən mallar xx.xx.2025-ci il tarixdə rəsmiləşdirilmək üçün Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-in 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" QSC-nin hərəkətində inzibati xəta tərkibi olmadığına görə onun barəsində tərtib olunmuş 16 iyul 2025-ci il tarixli, 00100-02087/25 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar