Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-581/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs «Al» marketin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X2 iştirakları ilə, xx.xx.1998-ci ildə Füzuli rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 03 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən «Al» marketdən 150 manat dəyərində olan «Berqa» çaylarını oğurlayaraq talamış, bundan başqa, saxlanıldığı zaman onun 07 fevral 2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitə istehlakı etdiyi məlum olmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 09 fevral 2023-cü il tarixli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, 10 ildir narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində tanımadığı taksi sürücüsünə sifariş verərək S.Ə Şirvani küçəsində yerləşən "AL" marketə getmişdir. Taksidən düşdükdən sonra o, sürücüyə qayıdacağını bildirmiş və marketə daxil olaraq gəzməyə başlamışdır. Marketdə quru çaylar onun diqqətini çəkmiş və 5 qutu "BERQA" quru çayını götürmüşdür. Oğurluq etdikdən sonra marketdən çıxıb taksiyə minmiş və "Neftçilər" metrosunun yaxınlığında düşmüşdür. Sonra isə həmin quru çayları 8-ci kilometr bazarına özü ilə aparmış və onları orada satmışdır. O, 1 qutu quru çayı 6 manata, ümumilikdə isə 30 manata sataraq qazanc əldə etdiyini bildirmişdir. Hadisəylə bağlı barəsində şikayət olduğundan polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış, daha sonra sərxoşluğunu, narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış və tibbi müayinədən keçirilən zaman sidiyində narkotik tərkibli maddə aşkar edilmişdir. Narkotik vasitəni bir neçə gün əvvəl istehlak etmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir, əməllərindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs «Al» marketin nümayəndəsi X4 izahatında göstərmişdir ki, S.Ə.Şirvani 7 küçəsində yerləşən "AL" marketdə cavabdeh şəxs kimi çalışır. O, bildirmişdir ki, xx.xx.2023-cü il tarixində saat 12:40 radələrində S.Ə.Şirvani küçəsi 7 ünvanında yerləşən "AL" marketdə işdə olan zaman marketdə təxminən 6-7 müştəri var imiş. Bu zaman kassanın qarşısında 1 nafər müştəri özünü şübhəli aparmışdır. O, şübhələnməyində səbəb kimi həmin şəxsin qəribə hərəkətlər etməsi olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs şirniyyat rəflərinə yaxınlaşmış və orada olan çay rəflərindən təxminən 5-6 ədəd "BERQA" çaylarını götürmüş və marketdən çıxmışdır. Şəxs marketdən çıxdıqdan sonra taksiyə əyləşərək oradan uzaqlaşmışdır. Ona dəymiş maddi ziyanın təxminən 150 manat olduğunu bildirmişdir. Hazırda Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirərək, barəsində inzibai xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 206 və 227-ci maddələri nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 07 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən «Al» marketdən 150 manat dəyərində olan «Berqa» çaylarını oğurlayaraq talamış, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmiş, bu səbədən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində OPİ(+), MOP(+), AMP(+) aşkar olunmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 34 PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur. 08 fevral 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdən saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu «08» fevral 2023-cü il tarixdən saat 18:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «08» fevral 2023-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-581/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-581/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver