Məhkəmə qərarları › İş №3(011)-581/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-581/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-581/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzli Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs QSC-nin barəsində tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, S.Rəhimov küçəsinin kəsişməsi ünvanında xx.xx.2023-cü il tarixdə, saat 17:00-da Şəxs QSC tərəfindən daxili nəzarət proqramı tam tətbiq edilməmiş və məsul şəxsin təyin edilməsi barədə məlumat verilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir. Belə ki, Qanunun 3.1.2-ci maddəsinə görə notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər - daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması, müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və va paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Lakin Şəxs QSC-nin vergi ödəyiciləri ilə bağladığı müqavilələrdə qeyd edilən əməliyyatların aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakı ilə bağlı hər hansı vəzifə və öhdəlikləri nəzərdə tutulmamış və faktiki olaraq bu cür əməliyyatlarda iştirak etməmişdir. Bundan başqa, Dövlət Vergi Xidməti tərəfindən müəyyən vaxt aralıqlarında göndərilmiş sorğulara cavab məktublarına əsasən qeyd edilən fəaliyyətlərin göstərilməməsi öz əksini tapmışdır. Həmçinin yoxlama zamanı tərəflərindən verilmiş izahatda bu fəaliyyətlər üzrə xidmətlərin göstərilməməsi bir daha qeyd edilmişdir. Habelə, inzibati xəta haqqında protokola vergi orqanı tərəfindən Şəxs QSC-nin faktiki olaraq qeyd edilən əməliyyatları aparmasını təsdiq və sübut edən müvafiq sübutlar da əlavə edilməmişdir. Lakin buna baxmayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeyd edilən hal nəzərə alınmamış və qanunun müddəalarının əsassız tətbiq edilməsinə davam edilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, inzibati xətanın baş verməsində heç bir təqsirlərinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun və S.Rəhimov küçələrinin kəsişməsi ünvanında xx.xx.2023-cü il tarixdə, saat 17:00-da Şəxs QSC tərəfindən daxili nəzarət proqramı tam tətbiq edilməmiş və məsul şəxsin təyin edilməsi barədə məlumat verilməmişdir. Bu səbəbdən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsinə əsasən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hüquqi şəxs “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsində qeyd olunan əməliyyatların aparılmasında iştirak etməsi barədə hər hansı bir təsdiqedici sübuta və ya sənədə malik deyil, həmin şirkət iş materiallarına əlavə edilmiş çıxarışda da qeyd edildiyi kimi faktiki olaraq muhasibat uçotu sahəsində məsləhətlərin verilməsi ilə əlaqədar fəaliyyət göstərmişdir. Həmçinin o, qeyd etmişdir ki, Şəxs QSC-nin daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması, müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı fəaliyyəti ilə məşğul olmasını, bu əməliyyatlarda iştirak etməsini təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X4 tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, S.Rəhimov küçəsinin kəsişməsi ünvanında xx.xx.2023-cü il tarixdə, saat 17:00-da Şəxs QSC tərəfindən daxili nəzarət proqramı tam tətbiq edilməmiş və məsul şəxsin təyin edilməsi barədə məlumat verilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir; nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli, **********122700 nömrəli aktdan görünür ki, yoxlama ilə müəyyən olunmuşdur ki, Şəxs QSC tərəfindən daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməmiş, həmçinin öhdəlik yaşayan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə verilməmişdir, həmçinin məsul şəxsin təyinedilməsi barədə əmrin surəti tələb olunan müddətdə Maliyyə Monitorinq Xidmətinə təqdim edilməmişdir. Bununlada Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1 və 598.4-cü maddələrinin tələblərinin pozulması faktı aşkar edilmişdir; sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********380400 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X4 tərəfindən hüquqi şəxs Şəxs QSC-yə məxsus nizamnamə və dövlət qeydiyyat sənədi, direktorun şəxsiyyət vəsiqəsinin surəti, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət qaydaları, məsul şəxsin təyin edilməsi barədə əmr, izahat, müqavilələr, etibarnamə ilə nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür; səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********177610 saylı qərardan görünür ki, Şəxs QSC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə oktyabr 2020 – sentyabr 2023 illərinin vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 30 oktyabr 2023-cü il tarixli, KY232055641 nömrəli çıxarışdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Şəxs QSC-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlamasının aparılmasına dair illik plana əsasən növbədənkənar yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır; nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair **********122700 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, yoxlama zamaı Şəxs QSC tərəfindən mühasibat uçotu və vergilər üzrə məsləhətlər, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər, sair məsləhətlər və proqram təminatının göndərilməsi, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi fəaliyyət növləri ilə məşğul olması müəyyən edilmişdir. Habelə həmin çıxarışda yoxlamanın əhatə etdiyi dövr ərzində Nəzarət olunan subyektin faktiki olaraq hüquq sahəsində fəaliyyət ilə məşğul olması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 598.1-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; 598.1.3. maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; 598.1.4. maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; 598.1.5. maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; 598.1.6. maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.7-ci maddəsinə əsasən, Bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə -vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin çıxışlarını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 01 mart 2023-cü il tarixdə qüvvəyə minmişdir. Səlahiyyətli orqan tərəfindən həmin Qanuna əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01 oktyabr 2020-ci il tarixdən 30 sentyabr 2023-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlamasının aparılması qərara alınsa da, İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsinin tələbləri baxımından hüquqi şəxs tərəfindən həmin Məcəllənin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilibtörədilməməsi məsələsi, bunda hüquqi şəxsin təqsirinin olub-olmaması yalnız 01 mart 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək olan dövr üçün yoxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” **********122700 nömrəli, xx.xx.2023-cü il tarixli aktından, Şəxs QSC-nin Nizamnaməsindən və işdə olan digər hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, Şəxs QSC faktiki olaraq mühasibat uçotu üzrə məsləhət vermə fəaliyyəti ilə məşğul olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir. Belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Lakin iş materiallarından və tərəflərin çıxışlarından məlum olduğu kimi Şəxs QSC-nin sözügedən Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını yerinə yetirməmişdir, həmçinin bu əməliyyatların aparılmasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına Şəxs QSC-nin yuxarıda sadalanan əməliyyatların aparılmasında iştirak etməsini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir, protokolu tərtib etmiş X4 da bunu təsdiq edəcək hər hansı bir sübutlarının olmadığını məhkəmə iclasında qeyd etmişdir. Beləliklə, məhkəmə səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan Şəxs QSC tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması qənaətinə gəlinməsini, inzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmamasını, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsini və səlahiyyətli orqan tərəfindən həmin sübutların məhkəməyə təqdim olunmamasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar