Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5833/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin İnzibati tənbeh vermə haqqında 18 iyun 2025ci il tarixli, EPQ ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin İnzibati tənbeh vermə haqqında 18 iyun 2025-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Xətai rayonunda yerləşən Nizami parkında dostları ilə dincəlirdi. İki polis əməkdaşı özlərini təqdim etmədən yeri zibillədiklərini demişdirlər. Bildirmişdir ki, burada əyləşəndə yerdə zibil var idi. Hava küləkli idi. Onların masasının üstündə zibil paketi var idi, onu göstərmişdirlər. Ancaq məhəl qoymamışlar. Digər uşaqlara kobud rəftar etmiş və 300 manat cərimə olunduqlarını demiş və tez zamanda ödəməklərini demişlər. Etiraz etdikləri üçün söyüşlə danışmağa başlamışlar. Dostlarından biri 102 Xidmətinə zəng edərək özbaşınalığı və azyaşlı olduqlarını bildirmişdir. Polis əməkdaşları buna da hiddətlənərək onu və digər uşaqları zor güclə post-patrul maşınına sürüyüb əlavə kömək çağırmışlar. Valideynlərinə bildirməyə icazə verməmişlər. Telefonları zor güc ilə əllərindən alıb polis maşınına qoymuşlar. Ardından onları bölməyə aparmaq adı ilə “Ağ şəhər”-də qaranlıq bir yerə aparıb tək-tək döyməyə başlamışlar. Bu zaman o, qaçmış, lakin onu tutub maşının qabağında oturdub döyməyə başlamışlar. Sonra zorla onları bölməyə aparıb törətmədiyi əmələ gələn zorla izahat yazdırıblar. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin İnzibati tənbeh vermə haqqında 18 iyun 2025-ci il tarixli, EPQ ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş şikayət verən şəxs X2 və Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin İnzibati tənbeh vermə haqqında 18 iyun 2025ci il tarixli, EPQ ******* nömrəli qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 300 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin üzərinə qoyulsa da, adı çəkilən orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİnin 37-ci PB-nin İnzibati tənbeh vermə haqqında 18 iyun 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin İnzibati tənbeh vermə haqqında 18 iyun 2025ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5833/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5833/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver