Məhkəmə qərarları › İş №3(011)-5837/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5837/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5837/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu, Dadaşbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 06 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs tərtib edilmiş raporta əsasən xx.xx.2025-ci il tarxidə saat 21:20 radələrində Babək prospekti 90 ünvanının yaxınlığında küçədə yüksək səslə danışaraq polisə qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək hadisəni əsəbi olduğundan törətdiyini bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək Seyidağa Əliheydər oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahin Mirkişiyev bildirmişdir ki, Seyidağa Əliheydər oğlu küçədə nalayiq ifadələrdən istifadə etmiş, ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, lakin sonuncu aqresivlik göstərərək polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 05 avqust 2025-ci il tarixdə saat 21:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan raportdan görünür ki, polis əməkdaşı xx.xx.2025-ci il tarxidə saat 21:20 radələrində inzibati ərəzidə xidmət apararkən Babək prospekti 90 ünvanının yaxınlığında 1 nəfər şəxsin küçədə yüksək səslə danışdığını görüb, həmin şəxsə yaxınlaşaraq özünü təqdim edərək həmin şəxsi nizam intizama dəvət etdikdə o, polisin qanuni tələbinə tabe olmayaraq polisə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə həmin şəxs saxlanılaraq 34-cü PŞ-nə təmin edilmişdir. PŞ-də həmən şəxsin xx.xx.1996-cı təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları, onun və protokolu tərtib edən şəxsin izahatları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək - üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Seyidağa Əliheydər oğlunun törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal olaraq qiymətləndirir. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs şəxsiyyətini, xətanın xarakteri, onun təqsirinin dərəcəsi, məsuliyyəti ağırlaşdıran halı nəzərə alır və hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. İnzibati həbs tənbeh tədbirinin əvvəli tutulduğu 05 avqust 2025-ci il tarixdən, saat 21:20-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 05 avqust 2025-ci il tarixdən, saat 21:20-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar