Məhkəmə qərarları › İş №3(011)-5894/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5894/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5894/2024 18.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, «Respublika Perinatal Mərkəzi” X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu «Respublika Perinatal Mərkəzi” X4 Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2(103)-2047/2023 saylı icra sənədi üzrə maddi zərərin əvəzi qismində 10 853 (on min səkkiz yüz əlli üç) manat, mənəvi zərərin əvəzi qismində 10 000 (on min) manat olmaqla, cəmi 20 853 (iyirmi min səkkiz yüz əlli üç) manat və 5946,5 (beş min doqquz yüz qırx altı lirə 50 quruş) türk lirəsi (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumlarının əvəzi qismində 60 (altmış) manat “Respublika Perinatal Mərkəzi” X2 tutulub Dövlət büdcəsinə köçürülməlidir. Bununla da borclu «Respublika Perinatal Mərkəzi” X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərəfindən MN ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, borclu «Respublika Perinatal Mərkəzi” X7 nümayəndəsi və tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. «Respublika Perinatal Mərkəzi” X8 məhkəməyə 14 noyabr 2024-cü il tarixli, 18-1-8/2- 290/2024 nömrəli məktub göndərərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2(103)-2047/2023 saylı icra vərəqəsi üzrə ödəniş həyata keçirilmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək bildirmişir ki, işləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmiyəcəkdir. Məhkəmə qətnaməsi tərəfindən qət edilmiş ödənilməli olan pul məbləği ona tam şəkildə ödənilmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2(103)-2047/2023 saylı icra sənədindən görünür ki, cavabdeh «Respublika Perinatal Mərkəzi” X2 21207.8 manat borc alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İş materialında olan Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu «Respublika Perinatal Mərkəzi” X5 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən göründüyü kimi, borclu «Respublika Perinatal Mərkəzi” X5 icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2047/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, «Respublika Perinatal Mərkəzi” X2 maddi zərərin əvəzi qismində 10 853 (on min səkkiz yüz əlli üç) manat, mənəvi zərərin əvəzi qismində 10 000 (on min) manat olmaqla, cəmi 20 853 (iyirmi min səkkiz yüz əlli üç) manat və 5946,5 (beş min doqquz yüz qırx altı lirə 50 quruş) türk lirəsi (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumlarının əvəzi qismində 60 (altmış) manat “Respublika Perinatal Mərkəzi” X2 tutulub Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən, məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, «Respublika Perinatal Mərkəzi” X3 əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: «Respublika Perinatal Mərkəzi” X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar