Məhkəmə qərarları › İş №3(011)-5903/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5903/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5903/2024 18.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 25 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ 23796102 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “Chevrolet Equinox” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobildən demək olar ki, gündəlik istifadə edir. Lakin, demək olar ki, il ərzində törətdiyi hər hansı bir yol hərəkəti haqqında qanunun tələblərini pozmur. Törətdiyi inzibati xəta nəticəsində isə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, eləcə də onun əsasında çıxarılmış qərarlardan əsassız olaraq mübahisə etmir. Lakin bir neçə ay bundan öncə ona məlum olmuşdur ki, barəsində qanunsuz olaraq inzibati xəta icraatı aparılmış və bunun nəticəsində xx.xx.2024-cü il tarixli, EQ 23796102 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin Qərar BŞDYPİ-nin adı ona məlum olmayan polis inspektoru tərəfindən çıxarılmışdır. Halbuki bu işin aparılmasından, eləcə də qərarın çıxarılmasından lazımi qaydada məlumatlandırılmamışdır, məhz ona görə də bunlardan xəbəri olmamışdır. Ancaq hamıya bəllidir ki, barəsində inzibati xəta icraatının aparılması hallarında şəxsdən izahat alınır, aparılmış inzibati araşdırma zamanı vəsatət vermək və iştirak etmək hüququ təmin olunmalıdır. Bütün bunlara baxmayaraq onun prosessual hüquqları kobud surətdə pozulmuş və barəsində qanunsuz olaraq inzibati xəta icraatı başlanılaraq, tam qanunsuz olaraq qərar çıxarılmışdır. Qərarda göstərilir ki, guya o, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi, Yasamal Rayon Məhkəməsinin qarşısında yerləşdiyi ərazidə avtomobilini park etdiyinə görə özünə məxsus olan avtomobili ilə guya dayanma qaydalarını pozmuş, nəticədə isə Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Lakin tam əminliklə qeyd etmək istəyir ki, həmin tarixdə (saatda) o, heç bir inzibati xətaya yol verməmişdir, hətta o, özü də avtomobilinin yaxınlığında idi və heç bir inzibati xətaya yol verməmişdir. Həmin ərazi yol qırığı deyil və heç kəsə maneə də törətməmişdir. Əksinə həmin ərazi Yasamal Rayon Məhkəməsinin inzibati binasının yerləşdiyi əraziyə yaxındır. Nəzərə alınsa ki, guya törətdiyi inzibati xəta hər hansı bir xüsusi texniki vasitəsinin köməyi ilə də aşkar olunmamışdır. Beləliklə, barəsində başlanılmış inzibati xəta icraatı tam qanunsuz olaraq başlanılmış, eləcə də qərarın qəbul olunması belə şəffaf şəkildə qəbul olunmamışdır. O, hesab edir ki, bu qərar qanunsuzdur və o, ləğv olunmalıdır. Həmin qərarı o, tamamilə qanunsuz hesab edir və ona görə də barəsində qəbul olunmuş EQ 23796102 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərar tamamilə ləğv olunmalı və barəsində aparılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X4 Arif oğlu şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən digər sübutlar ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş 25 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 16:19-da “Chevrolet Equinox minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən səkidə dayanması və ya durması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23796102 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2024-cü il tarixdə, saat 16:19-da “Chevrolet Equinox minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən səkidə dayanması və ya durması qaydalarını pozması göstərilmiş və ona 60 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 25 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23796102 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 sentyabr 2024-cü il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 25 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23796102 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.9-cu amaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 25 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23796102 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 25 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23796102 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 08 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar