Məhkəmə qərarları › İş №3(011)-5974/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5974/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5974/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Şaxtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, müəyyənetdi: Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «HYUNDAİ GRANDEUR» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs saxlanılmış, həmin vaxt sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, «HYUNDAİ GRANDEUR» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; 21 sentyabr 2024-cü il tarixli, 2/1784 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktdan görünür ki, həmin tarixdə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinədən keçməkdən imtina etmişdir; AD seriyalı 133315 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ vardır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 343.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İş materiallarından göründüyü kimi nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsi barədə tibbi müayinədən keçməkdən imtina etmişdir;. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar