Məhkəmə qərarları › İş №3(011)-6/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi vəkil X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 18 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.11.2021-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.12.2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair 19 noyabr 2021-ci il tarixli, 3(011)-4011/2021 saylı qərarı ləğv edilmiş, inzibati xətaya dair iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında materialdan görünür ki, X9 və Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi şəxs Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinin pozulduğu aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC-yə inzibati xətanın törədilməsi faktının olub-olmamasının müəyyənləşdirilməsi üçün 18 oktyabr 2021-ci il tarixdə saat 11:00-da nümayəndəsinin X8 Xidmətinin Bakı şəhər idarəsində iştirakının təmin edilməsi barədə 08.10.2021-ci il tarixli məktub göndərildiyini, lakin nümayəndənin inzibati icraatın aparılmasında iştirak etmədiyini və inzibati icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları və şahid ifadələri ilə tam təsdiq edildiyini qeyd edərək Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X10 təmsil etdiyi hüquqi şəxsin inzibati xəta törətməsinin sübut olunmadığını, Şəxs MMC- X5 və Şahid ümumiyyətlə usta kimi işlərin görülməsinə cəlb etmədiyini və barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin Elektrolux mağazasında satılan kondisionerlərin quraşdırılmasında usta kimi 2019-cu ildən işə cəlb edilmişdir. Satılan kondisionerlərin ünvanı və müştərilərin telefon nömrələri ona yönəldikdən sonra həmin ünvana gedərək kondisionerləri quraşdırıb müştəriyə təhvil vermiş və sonra Elektroluxsa məxsus servis zəmanət talonlarını yazaraq imzalamışdır. Zəmanət talonlarının sayına görə yəni hər quraşdırılmış kondisionerə görə 70-80 manat əmək haqqı almışdır.2020-ci il tarixdə quraşdırdıqları kondisionerlərə görə əmək haqqını Şəxs MMC-nin əməkdaşı X2 almışdır . Lakin 05.05.2021-ci il tarixindən 20.09.2021-ci il tarixədək çalışdığı müddət ərzində şirkətdən əmək haqqını ala bilməmişdir. Şəxs MMC-nin əməkdaşı X6 dəfələrlə müraciət etsə də, ona olan 8180 manat məbləğində borc tərəflərindən ödənilməmişdir. Şəxs MMC-nin əmri ilə usta kimi işləmiş və həmin işi 20 sentyabr 2021-ci ilədək davam etmişdir.Ərizə ilə şikayət etdikdən bir müddət sonra ona məlum olmuşdur ki, Şəxs MMC-nin direktoru Şəmsun Məmmədovun əmri ilə 23.09.2020ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir,halbu ki,usta kimi həmin işi görməkdə 20 sentyabr 2021-ci il tarixədək davam etmişdir. Bundan başqa şahid ifadəsində X5 da tanıdığını, onun da həmin şirkətdə usta kimi işlədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirmişdir ki, 05.01.2020-ci il tarixindən Şəxs MMC-nin “Electrolux” mağazasında satılan kondisionerlərin quraşdıran usta kimi fəaliyyət göstərmişdir. 01.05.2021-ci il tarixindən 21.09.2021-ci il tarixədək çalışdığı əmək haqqının müəyyən hissəsini alsa da, qalıq qalan 1300 manat əmək haqqını ala bilməmişdir. Bu səbəblə X8 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmiş və müvafiq araşdırmalar aparıldıqdan sonra müəyyən olmuşdur ki, o, əmək müqaviləsi qüvvəyə minmədən xidmətlərin göstərilməsinə cəlb olunmuşdur. Quraşdırılmış kondisionerlərin sayına görə ona talon yazılaraq əmək haqqı Şəxs MMC-nin əməkdaşı X11 tərəfindən ödənilmişdir. Şahid da onunla birlikdə 2021-ci ilin sentyabr ayının 20-sinədək Şəxs MMCdə usta kimi işləmişdir. Hüquqlarının pozulması faktı 01.05.2021-ci il tarixindən 21.09.2021-ci il tarixədək çalışdığı müddət ərzində quraşdırma işləri apardıqdan sonra əldə etdiyi talonlarla, whatsapp yazışmaları ilə də öz təsdiqini tapmışdır və həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan ******* saylı əmək kitabçasının və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərindən görünür ki, Şahid və Şəxs MMC arasında 20.06.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və 23.09.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “q” bəndinin 2-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilmiş və bu Şəxs MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş zəmanət talonlarından görünür ki, X9 18.06.2021-ci il tarixindən başlayaraq 03.07.2021-ci il tarixinədək müxtəlif ünvanlarda kondisionerlərin quraşdırılması xidmətinin göstərilməsinə cəlb edilmişdir; İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş zəmanət talonlarından görünür ki, Şahid 01.07.2021-ci il tarixindən başlayaraq 14.08.2021-ci il tarixinədək müxtəlif ünvanlarda kondisionerlərin quraşdırılması xidmətinin göstərilməsinə cəlb edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X11 Şəxs MMC-də baş usta vəzifəsində işləyir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X4 Şəxs MMC-də direktor vəzifəsində işləyir. İş materiallarında olan 5250 nömrəli satış çekindən görünür ki, “Electrolux-2” şirkətindən alınmış mal üçün verilmiş çekin üzərində qeyd olunmuş VÖEN ********** Şəxs MMC-ə məxsusdur. İş materiallarında olan əlavə ödəniş cədvəli və zəmanət talonundan görünür ki, möhürdə “Electrolux-2” ilə yanaşı Şəxs MMC-nin də adı qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, “Electrolux-2” şirkəti Şəxs MMC-nin tərkibində eyni VÖEN altında (**********) fəaliyyət göstərdiyindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Bundan başqa iş materiallarında olan əmək kitabçasının surətindən, zəmanət talonlarından və şahid ifadələrindən məlum olur ki, Şəxs MMC-nin direktorunun əmri ilə Şahid usta kimi 20.06.2020-ci il tarixdən işə qəbul olunub.Həmin tarixdən 20 sentyabr 2021-ci il tarixədək Şahid yalnız Electrolux mağazasında satılan kondisionerləri müştərilərin mənzilinə quraşdırmaqla məşğul olub.Lakin əmək kitabçasının sürətindən görünür ki, Şəxs MMC-nin direktorunun əmri ilə 23.09.2020-ci il tarixdə Şahid ilə əmək müqaviləsinə xitam verilib. Əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq Şahid usta kimi kondisionerlərin quraşdırılması işinə cəlb edilməkdə davam edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə yuxarıda sadalanan sübutlara istinad edərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib tenbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar