Məhkəmə qərarları › İş №3(011)-6008/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6008/2024

23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6008/2024 23.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramova Nərmin Nizami qızının katibliyi, Şikayət verən şəxs – X1 iştirakı ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 15 iyul 2023cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 15 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 iyul 2023-cü il tarixində həyat yoldaşı ilə birlikdə ona məxsus olan MİTSUBİSHİ PAJERO minik markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Babək prospekti ilə Lütvizadə küçəsinin kəsişməsində hərəkətdə olarkən qarşısında hərəkət edən avtomobil ani şəkildə tam dayanmış və toqquşma baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi Rəşad Rüstəmli gəlmiş sənədləri alaraq hadisə ilə bağlı izahat vermək üçün Bakı şəhəri BPİ DYPİ-nin inzibati binasına gəlməyi bildirmişdir. Bundan sonra 15 iyul 2023-cü il tarixində İdarədə olmuş və hadisə ilə bağlı izahatı təqdim etmişdir. Rəşad Rüstəmli ona bildirmişdir ki, barəsində AR İXM-nin 32-ci maddə ilə araməsafəsinə riayət olunmadığına görə protokol tərtib olunacaqdır 40 manat cərimə ödəniləcəkdir. Bunu bilmiş və cəriməni ödəməyi bildirmiş və cəriməni ödəmiş həmin vaxt ona nə protokol nə tənbeh vermə qərarı təqdim olunmamış, sadəcə poçt vasitəsilə 36 manat ödəniş etmişdir. Bildirmişdir ki, bir neçə gün bundan əvvəl sığortadan ona zəng olunaraq bildirildi ki, o həmin vaxtı etibarnamə olmadan avtomobili idarə etdiyindən ondan 1000 manat tutulacaqdır və 7 noyabr 2024-cü il tarixində İdarəyə yaxınlaşmış, qərarın təqdim edilməsini xahiş etmiş və həmin qərarda İXM-nin 327.1 və 332.1-ci maddəsinin olduğunu görmüşdür. Qəti olaraq bununla razı olmamışdır, ona görə ki, həyat yoldaşı onunla birlikdə həmin vaxt avtomobildə əyləşmişdir, hesab edir ki, həmin maddə tam qanunsuz və əsassız yazılmışdır. Qeyd olunanlara əsasən hesab etmişdir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* inzibati tənbeh tətbiq etmə haqqında qərarı 332.1-ci maddəsi üzrə xitam verilməlidir. Odur ki, Bakı şəhəri BPİ DYPİnin səlahiyyətli vəzifəli şəxsinin Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrinə əsasən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında Qərarın 332.1-ci maddəsi hissəsində ləğv edilməsini və AR İXM-in 332.1-ci maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 40 (qırx) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 53.1.11-ci maddəsinin tələbinə görə bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, xx.xx.2023-cü il tarixdə baş vermiş xətaya görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş İnzibati tənbeh vermə haqqında 15 iyul 2023-cü il tarixli, TP ******* nömrəli qərar 332.1-ci maddəsi hissəsində ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 15 iyul 2023cü il tarixli, TP ******* nömrəli qərarı 332.1-ci maddəsi hissəsində ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar